AMEA İnformasiya Texnologiyaları İnstitunda 18 saylı şöbənin “3D çapın moda sənayesinə tətbiqi və perspektivləri” mövzusuna həsr edilmiş onlayn elmi seminarı keçirildi.
Şöbənin baş mütəxəssisi Zülfiyyə Hənifəyeva çıxış edərək bildirdi ki, 3D çap hər hansı bir obyektin 3D printerin köməyilə 3D rəqəmsal modelinə uyğun olaraq təbəqə və ya lay şəklində üçölçülü obyektlər yaratdığı istehsal prosesidir. İlk 3D printer 1983-cü ildə Chuck Hull tərəfindən yaradılıb.
3D çapın təkamül prosesindən bəhs edən məruzəçi onun 5 mərhələyə ayrıldığını qeyd etdi. 3D çapın təməlinin qoyulması (1980-ci illər), texnologiyanın inkişafı (1990-cı illər), 3D çapın inkişafında yeni mərhələ (2000-ci illər), istehsal prosesinin sürətlənməsi (2010-cu illər), 3D çap və COVID-19 pandemiyası (2020-ci il).
Sonra Z.Hənifəyeva 3D çapın tətbiq sahələri haqqında məlumat verdi: “Hazırkı dövrü 3D əsri adlandırmaq olar. Bu texnologiya müxtəlif sahələrdə - təhsil, tibb, zərgərlik, inşaat, tekstil və s. sferalarda tətbiq edilir”.
Tədqiqatçı 3D çapın moda sənayesində tətbiqi barədə ətraflı məlumat verərək bildirdi ki, 3D printerlər əvvəllər heç vaxt hazırlanması mümkün olmayan fantastik moda yaratmaq, eyni zamanda prototipləşdirmə və geyim istehsalı prosesini daha da sürətləndirmək məqsədilə istifadə edilə bilər.
“Modada 3D çap mürəkkəb həndəsi dizaynlar və geyinilə bilən sənətlər yaratmaqla maraqlanan dizaynerlər və sənətçilər üçün maraqlı prosesdir. Lakin bu dizaynların çoxu gündəlik həyatda istifadə edilə bilməz”, - deyə o, qeyd etdi.
Daha sonra Z.Hənifəyeva ənənəvi geyimlə 3D çap olunmuş geyimin müqayisəsini təqdim etdi. Nəzərə çatdırdı ki, yeni texnologiya ilə çap olunmuş geyimlərin fərdiləşdirmə, mükəmməl uyğunluq, özünəməxsus quruluş və s. kimi üstün cəhətləri var. Lakin tədqiqatlar göstərir ki, bu geyimlər gündəlik istifadə üçün rahat və çevik deyillər.
3D moda üçün dizayn proqramlarından bəhs edən məruzəçi CAD (Computer Aided Design) proqramını xüsusi vurğuladı. Bildirdi ki, 3D çap üçün xüsusi CAD proqramları mövcuddur. Bu proqram təminatları məhsulu vizuallaşdırmaq imkanı verir. İstənilən dizaynı tətbiq etməklə müştəri məmnuniyyəti əldə etmək mümkündür.
“Geyim 3D çap modasının ən mürəkkəb sektorudur”, - deyən məruzəçi qeyd etdi ki, yumşaq və hərəkətli olduğundan elastik geyimi çap etmək dizaynerlər üçün hər zaman çətin olmuşdur. Bu texnologiya daha çox sərt, çevik olmayan hissələrin istehsal üçün əlverişlidir.
Tədqiqatçı 3D çapın moda sənayesinə müsbət təsirlərindən də söz açdı. Qeyd etdi ki, 3D çapın nəticəsində unikal və mürəkkəb modellər yaratmaq mümkün olur, tullantılar aradan qalxır, təkrar emal edilə bilir, sürətli çap olunur və s.
Sonda o, 3D çap ilə bağlı proqnozlardan danışdı. Bildirdi ki, 3D çapın bir çox sahələrə tətbiqi artıq sənayedə yeni eranın başlanğıcından xəbər verir. 3D çap məhsulları və xidmətlərinin 2024-cü ilədək 40 milyard ABŞ dollarından çox gəlir gətirəcəyi gözlənilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.