Azərbaycanın ərazi bütövlüyünün bərpası ölkəmizin inkişafının növbəti mərhələsinin başlanğıcıdır

18 Noyabr 2020 - 12:00 | Müsahibələr, çıxışlar
Azərbaycanın ərazi bütövlüyünün bərpası ölkəmizin inkişafının növbəti mərhələsinin başlanğıcıdır

Bu fikri AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Elmi şuranın onlayn iclasında çıxışı zamanı səsləndirib. 2020-ci ilin xalqımızın tarixində əlamətdar hadisələrlə yadda qaldığını deyən akademik, Azərbaycanın ərazi bütövlüyünün bərpasını ölkəmizin inkişafının növbəti mərhələsinin başlanğıcı kimi qiymətləndirib. Alim bildirib ki, bu günədək Azərbaycan dövləti müxtəlif tarixi mərhələlərdən keçmiş, ölkənin inkişafı və beynəlxalq aləmə inteqrasiyası istiqamətində bir çox nailiyyətlərə imza atmışdır.

“10 noyabr isə Azərbaycan millətinin bütün dünyaya mübariz bir xalq kimi təqdim olunduğu gündür”, - deyən akademik  Qarabağın milyonlarla azərbaycanlını birləşdirən körpü rolunu oynadığını vurğulayıb.

R.Əliquliyev qeyd edib ki, əbədi və əzəli torpaqlarımız uğrunda apardığımız haqq mübarizəmiz Azərbaycan xalqının neçə illərdən bəri ilk dəfə olaraq vahid şəkildə birləşməsi və zəfər qazanması ilə nəticələndi. Bu, çox böyük bir hadisədir.

Alim əldə olunan tarixi qələbənin Azərbaycanın bundan sonrakı inkişafında rolu və qarşıda duran vəzifələrdən də söz açıb. Bildirib ki, düşmən üzərində qələbə bizə daha da təkan verməli, hər kəs bu zəfərdən nəticə çıxarmalıdır: “Bütün dünya azərbaycanlıları öz potensialını elm, təhsil və iqtisadiyyatın güclənməsinə yönəltməlidir. Qlobal təfəkkürə malik insanlar yetişdirməli, yüksəkixtisaslı, bilikli gənclərin səsini dünyaya çatdırmalıyıq. Dövlətimizin yeni dünyanın fəlsəfəsinə və XXI əsrin çağırışlarına uyğun şəkildə inkişafı yolunda səfərbər olmalıyıq”.

“Vətən bizim şəxsi fəaliyyətimizdən, işə münasibətimizdən başlayır”, - deyən AMEA-nın vitse-prezidenti hər bir vətəndaşın Azərbaycan dövlətinin inkişafında iştirakının vacib olduğunu, xoşbəxt gələcəyin əsas etibarilə elm və təhsildən keçdiyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.