“Anomaliyaların aşkarlanmasına giriş” mövzusunda məruzə dinlənildi

16 Noyabr 2020 - 10:48 | Konfranslar, İclaslar
“Anomaliyaların aşkarlanmasına giriş” mövzusunda məruzə dinlənildi

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 13 saylı şöbənin növbəti onlayn elmi seminarı keçirildi. “Anomaliyaların aşkarlanmasına giriş” mövzusunda məruzə “Zoom Meeting” proqramı vasitəsilə dinlənildi. 

İnstitutun dissertantı Tural Bədəlov məruzəni təqdim edərək öncə Outlier (kənaraçıxma) haqqında məlumat verdi. Bildirdi ki, Outlier digər müşahidələrdən o qədər fərqli bir müşahidədir ki, onun başqa bir mexanizmdən qaynaqlandığı ilə bağlı şübhələr vardır. Outlier verilənlərin biri və ya bir neçəsinin ümumi qanunauyğunluğa tabe olmaması ilə xarakterizə olunur. Anomaliyaların aşkarlanması isə Outlier-lərin təyin olunma prosesidir.

Məruzəçi Outlier-lərin növləri haqqında məlumat verərək bildirdi ki, buraya nöqtəvi Outlier (point outliers), şərti Outlier (contextual outliers) və kollektiv Outlier-lər (collective outliers) daxildir: “Nöqtəvi Outlier-də yalnız bir nöqtə ümumi qanunauyğunluğu pozur. Şərti Outlier müəyyən şərtlərdən asılı olur, kollektiv outlier-də isə bir nöqtə yox, nöqtələr çoxluğu outlier hesab edilir.

Anomaliyaların əsas yaranma səbəblərindən danışan T.Bədəlov qeyd etdi ki, buraya məlumatın daxil olunmasında baş verən səhvlər, sensorlarla bağlı olan xətalar, məlumatların işlənməsi ilə bağlı sistem xətaları və sistemin özündə baş verən, normal göstəricilərdən fərqli olan göstəricilər daxildir.

O, Outlier-lərin səhiyyə, sığorta və digər sahələrdə, terrorun qarşısının alınması zamanı, eləcə də kredit kartlarının oğurlanması hallarında tətbiq edildiyini söylədi, hər bir tətbiq sahəsinə aid nümunələr göstərərək onları təhlil etdi.

Tədqiqatçı, həmçinin Outlier-ləri aşkarlamaq üçün istifadə olunan texnikalar, metod və alqoritmlər haqqında məlumat verdi.

Məruzəyə dair fikri mübadiləsi aparıldı, tədqiqatın davam etdirilməsi istiqamətində təklif və tövsiyələr səsləndirildi. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.