AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev institutun onlayn iclasında çıxışı zamanı bu barədə məlumat verib. Alim bildirib ki, 2021-ci ildə dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, professor Lütfi Zadənin anadan olmasının 100 ili tamam olacaq.
R.Əliquliyev dahi şəxsiyyətin 100 illik yubileyinin təşkili ilə əlaqədar olaraq rəhbərlik etdiyi institut tərəfindən təşəbbüs qaldırıldığını, AMEA-nın Rəyasət Heyətində bu məsələyə dair müvafiq qərarın qəbul olunduğunu diqqətə çatıdırb. Bildirib ki, gələn il L.Zadənin yubiley tədbirinin keçirilməsi, alimin xatirəsinə həsr olunmuş məqalələrin hazırlanması, eləcə də kütləvi informasiya vasitələrində çıxışların edilməsi nəzərdə tutulur.
Akademik, həmçinin 2021-ci ildə İnformasiya Texnologiyaları İnstitutunun yaranmasının 50 illiyi münasibətilə yubiley tədbirinin keçiriləcəyini diqqətə çatdırıb: “Tədbirdə institutun yarım əsr ərzində Azərbaycan elminin və informasiya kommunikasiya texnologiyaları sahəsinin inkişafına verdiyi töhfələr, prioritet istiqamətlərdə aparılan tədqiqatlar, eyni zamanda qarşıda duran vəzifələrə dair məlumatların ictimaiyyətə təqdim olunması nəzərdə tutulur”.
AMEA-nın vitse-prezidenti həm görkəmli alim Lütfi Zadənin 100 illik, həm də institutun 50 illik yubileyinin təşkili ilə əlaqədar olaraq tədbirlər planının hazırlanmasının vacibliyini qeyd edib, məsul əməkdaşlara bu məsələyə dair tapşırıqlar verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.