Bu fikri AMEA-nın vitse-prezidenti, İnfromasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev institutun Elmi şurasının növbəti onlayn iclasında çıxışı zamanı səsləndirib. Akademik hazırda Qarabağ uğrunda gedən döyüşlərdə rəşadətli ordumuzun ard-arda mühüm qələbələr qazandığını, bütövlükdə ölkədə böyük ruh yüksəkliyinin müşahidə olunduğunu qeyd edib.
Alim tarixi zəfərlərin əldə olunmasında dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi və onun Azərbaycan dövlətinin haqlı mövqeyini böyük məharətlə ifadə etməsinin əvəzsiz rolu olduğunu söyləyib. Bildirib ki, ölkə rəhbəri hər gün dünyanın müxtəlif ölkələrinin mediasına verdiyi müsahibələrdə səlis nitqi və ciddi arqumentləri ilə müharibənin əsl mahiyyətini bütün dünyaya çatdırır, ona ünvanlanan suallara kəsərli cavablar verir.
Cənab prezidentin uzun illər apardığı məqsədyönlü daxili və xarici siyasət, iqtisadi islahatlar, Azərbaycanın hərbi potensialı və müdafiə qüdrətinin gücləndirilməsi sahəsində əldə olunan nailiyyətlər bu gün işğal altında olan torpaqlarımızın addım-addım azad olunmasına gətirib çıxarır.
Alimin sözlərinə görə, ön cəbhədə əsgərlərimizin böyük əzmkarlığı ilə yanaşı, arxa cəbhədə də bütün Azərbaycan xalqı dövlət başçısının ətrafında bir yumruq kimi birləşərək vətən uğrunda əlindən gələni edir, qəhrəman ordumuza tam dəstəyini nümayiş etdirir.
“Biz məqsədyönlü informasiya siyasətinin tərkib hissəsi kimi bu işə öz töhfələrimizi verməliyik”, - deyən alim İnformasiya Texnologiyaları İnstitutunun da ölkənin intellektual bir qurumu kimi müharibənin bütün ağırlığını dərk edərək bu çətin günlərdə həm ordumuza maddi-mənəvi dəstək göstərdiyini, həm də informasiya müharibəsində fəal iştirak etdiyini deyib. Qeyd edib ki, hər birimiz vətənin bu şərəfli günlərində Azərbaycan ordusu ilə yanaşı, əsgər ailələrinə də əlimizdən gələn köməkliyi etməyə hazırıq.
“Bütün Azərbaycan ziyalıları arxa cəbhənin əsgərləri kimi öz potensialından maksimum şəkildə istifadə etməli, xarici həmkarları ilə əlaqələr qurmalı, kütləvi informasiya vasitələrində müntəzəm olaraq çıxışlar edərək Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdırmalıdır”, - deyə AMEA-nın vitse-prezidenti elm ictimaiyyətinə çağırış edib.
R.Əliquliyev bir daha rəhbərlik etdiyi qurumun kollektivi adından Ali Baş Komandana və qəhrəman Azərbaycan ordusuna dərin minnətdarlığını bildirib.
Akademik, həmçinin 18 oktyabr Müstəqillik Günü münasibətilə institutun kollektivini təbrik edib, bundan sonra da Azərbaycan ordusunun ərazi bütövlüyümüzün təmin olunması uğrunda gedən mübarizədə yeni tarixi nailiyyətlər əldə edəcəyinə inamını ifadə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.