Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsi istiqamətində Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyatlarla bağlı AMEA İnformasiya Texnologiyaları İnstitutunun onlayn toplantısı keçirilmişdir.
Toplantıda AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev sentyabrın 27-si səhər saatlarında Ermənistan silahlı qüvvələrinin cəbhəboyu Azərbaycan ərazilərinə hücum etdiyini, buna cavab olaraq Ali baş komandanın əmri ilə bütün təmas xətti boyu əks-hücum əməliyyatlarına başlandığını qeyd edərək əzmkar ordumuzun bir çox yaşayış məntəqələri və strateji yüksəklikləri işğaldan azad etdiklərini, tarixi nailiyyətlərə imza atdıqlarını diqqətə çatdırmışdır.
Azərbaycanın Prezidenti İlham Əliyevin xalqa müraciətini xatırladan alim, bu gün siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq hər kəsin vətən uğrunda birləşdiklərini və dövlət başçısının siyasətini tam şəkildə dəstəklədiklərini demişdir.
R.Əliquliyev bildirmişdir ki, ölkə Prezidenti öz nitqində bütün həmvətənlərimizi vahid Azərbaycan bayrağı altında birləşdirərək onların fikir və düşüncələrini ifadə etmiş, ciddi arqumentlər gətirərək xalqı qələbəyə ruhlandırmışdır.
“Bu gün cəmiyyətin bütün təbəqələri, hər bir peşə sahibi öz imkanları çərçivəsində arxa cəbhədə Qarabağ uğrunda mübarizə aparan ordumuza dəstək verməlidir”, deyə - alim əlavə etmişdir. Bu çətin günlərdə Azərbaycan ziyalılarının da üzərinə ciddi vəzifələrin düşdüyünü, hər bir alimin bu mübarizədə əlindən gələn dəstəyi göstərməli olduğunu qeyd etmişdir.
AMEA-nın vitse-prezidenti dövlət başçısının uğurlu daxili və xarici siyasətindən söz açaraq bildirmişdir ki, 30 il ərzində böyük bir inkişaf yolu keçmiş Azərbaycan bu gün güclü iqtisadiyyatı ilə dünya arenasına sürətlə inteqrasiya edir. Bunun nəticəsidir ki, ordumuz düşmənə layiqli cavab verərək ard-arda mühüm qələbələr qazanır.
“İllərdir ki 1 milyondan çox həmvətənimiz öz doğma yurd-yuvasından didərgin düşmüşdür”, – deyən alim nəzərə çatdırmışdır ki, bu gün Azərbaycanın hər bir vətəndaşı sona qədər mübarizə aparmaq, qələbə qazanmaq və ölkənin ərazi bütövlüyünü təmin etmək uğrunda səfərbər olub.
Alim əlavə etmişdir ki, ordumuzun əldə etdiyi uğurların əsasında dövlət başçısının siyasi iradəsi, xalqın birliyi və güclü iqtisadiyyat faktoru dayanır. Azərbaycanın bütöv xəritəsi dünya dövlətləri, eləcə də BMT tərəfindən tanınır. Bu gün biz haqlı olaraq öz torpaqlarımızın azad edilməsi uğrunda müharibə aparırıq.
Akademik Azərbaycanın silahlı qüvvələrinin uğurlar əldə etməsində yüksək texnologiyaların, müasir qurğuların və kosmik peyklərin əvəzsiz rolundan da söz açmışdır. Bildirmişdir ki, ölkə rəhbərinin ordu quruculuğu sahəsində apardığı məqsədyönlü islahatların nəticəsində intellektual texnologiyalarla təchiz olunmuş müasir və qüdrətli ordu formalaşmışdır.
AMEA-nın vitse-prezidenti hazırki şəraitdə informasiya müharibəsinin düzgün qurulmasının son dərəcə vacib olduğunu vurğulamış, bu istiqamətdə Azərbaycan ziyalılarının xüsusi rolunu önə çəkmişdir. Qeyd etmişdir ki, alimlərimiz informasiya müharibəsinin önündə getməli, kütləvi informasiya vasitələrində müntəzəm çıxışlar etməli, bu mübarizəyə öz töhfələrini verməlidir.
R.Əliquliyev rəhbərlik etdiyi qurumun da Azərbaycan ordusuna dəstək verməyə hazır olduğunu qeyd etmişdir: “Silahlı Qüvvələrə Yardım Fonduna ianə etmək, ehtiyac yaranarsa Mərkəzi Qan Bankına qan vermək və digər tədbirləri həyata keçirməklə ordumuza dəstək olmalıyıq”.
Alim, həmçinin institutun bir neçə əməkdaşının hazırda cəbhə bölgəsində düşmənə qarşı döyüşdüyünü diqqətə çatdırmışdır.
Akademik R.Əliquliyev çıxışının sonunda bütöv və müstəqil Azərbaycan uğrunda mübarizədə xalqın haqq səsini ucaltdığına görə dövlət başçısı İlham Əliyevə ölkənin ziyalıları adından minnətdarlığını bildirmiş, qəhərman ordumuza yeni qələbələr arzulamışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.