AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyə dəstəyi ilə həyata keçirilən Azərbaycanda informasiya iqtisadiyyatının formalaşması problemlərinin tədqiqi ilə bağlı qrant layihəsi çərçivəsində institutun şöbə müdiri, layihə rəhbəri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev Belarus Milli Elmlər Akademiyasının Birləşmiş İnformatika Problemləri İnstitutunda (BİPİ) olub.
BİPİ-nin baş direktorunun elm və innovasiya işləri üzrə müavini Viktor Bernardoviç Alyuşkevliç ilə baş tutan görüşdə Ə.Əliyev AMEA İTİ-nin direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevin təqdimat məktubunu və əməkdaşlıq müqaviləsini, həmçinin AMEA İTİ-nin fəaliyyəti haqqında bəzi rəsmi məlumatları ona təqdim edib.
Ə.Əliyev İTİ-nin əsas fəaliyyət istiqamətləri haqqında məlumat verərək institutda yerinə yetirilən qrant layihələri, o cümlədən innovativ informasiya iqtisadiyyatı ilə əlaqədar görülən işlərdən danışıb.
Baş direktorun müavini V.B.Alyuşkevliç bildirib ki, BİPİ-də kibernetika, informatika, tətbiqi riyaziyyat, avtomatlaşdırma üzrə fundamental və tətbiqi tədqiqatlar aparılır, elmi-tədqiqatların nəticələrindən istifadə üzrə tövsiyələr işlənilir. Belarusda informasiyalaşdırma proseslərinin elmi təminatı məhz BİPİ-də həyata keçirilir. O, institutun şöbə və laboratoriyalarında yerinə yetirilən elmi-tədqiqat işləri haqqında da ətraflı məlumat verib və Ə.Əliyevi müvafiq şöbələrin fəaliyyəti ilə daha da yaxından tanış edib.
Görüşdə birgə layihələrin yerinə yetirilməsi, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üzrə ətraflı fikir mübadiləsi aparılıb. BİPİ-nin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Yefimov Yevgeni Nikolayeviç bir sıra təkliflər səsləndirib.
Ə.Əliyev, həmçinin institut rəhbərliyinin tövsiyəsi ilə 6-cı Beynəlxalq Kosmik Konqresin işində də iştirak edib. O, konqresin 7-ci seksiyası iştirakçılarına Azərbaycanda kosmik informatika üzrə mövcud vəziyyət, Azerspace-1 telekommunikasiya peyki haqqında ətraflı məlumat verib, ölkədə kosmik tədqiqatlara böyük diqqət ayrıldığını vurğulayıb.
Görüşlərdə birgə tədqiqat qruplarının yaradılması məsələsi da müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.