Bu fikri AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev institutun onlayn iclasında çıxışı zamanı səsləndirib.
Akademik bildirib ki, Azərbaycanda COVID-19 virusunun geniş yayılması və bununla bağlı ölkədə xüsusi karantin rejiminin elan olunmasına baxmayaraq, institut prioritet istiqamətlərdə elmi tədqiqatları və beynəlxalq əməkdaşlığı davam etdirir, qurumun alimləri tərəfindən hazırlanmış məqalələr dünyanın nüfuzlu, yüksək istinad indeksli jurnallarında çap olunur.
Alim İnformasiya Texnologiyaları İnstitutu və Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin Kibertəhlükəsizlik Bölməsindən olan alimlərin sənaye təyinatlı avtomatik obyektlərdə kiberfiziki sistemlərin tətbiqi və onların təhlükəsizliyi ilə bağlı birgə tədqiqat apardığını diqqətə çadırıb. Bildirib ki, NATO təşkilatının “Sülh və Təhlükəsizlik Naminə Elm Proqramı” çərçivəsində hazırlanan qrant layihəyə bu təşkilat artıq müsbət rəy verib: “Dünyanın müxtəlif ölkələrindən olan aparıcı alimlərin cəlb edildiyi, Avropa Birliyinin dəstəklədiyi layihə ilə bağlı bizim institutda beynəlxalq konfransın keçirilməsi də nəzərdə tutulur”.
Sonra R.Əliquliyev Belarusun paytaxtı Minsk şəhərində keçirilən Şərq tərəfdaşlığı ölkələrinin iclasında Minskdə “İKT Mərkəzi”nin yaradılması təşəbbüsünün irəli sürüldüyünü, bu təşəbbüsün həyata keçirilməsi ilə bağlı Azərbaycanın da münasibət bildirməsinin təklif olunduğunu qeyd edib.
Akademik Şərq Tərəfdaşlığı ölkələrindən biri kimi Azərbaycanın da “İKT Mərkəzi”nin təsis olunmasında yaxından iştirakının zəruri olduğunu vurğulayıb. Bildirib ki, rəhbərlik etdiyi qurum geniş imkanlara malik olacaq belə bir mərkəzin yaradılmasını dəstəkləyir. Bu prosesdə bütövlükdə AMEA-nın fəal iştirakı məqsədəuyğundur.
“Qeyd olunanlar Avropa Birliyi və NATO kimi nüfuzlu təşkilatların institutda aparılan elmi tədqiqatları dəstəklədiyini bir daha sübut edir. Bu, bizim uğurumuzdur”, - deyə AMEA-nın vitse-prezidenti əlavə edib.
R.Əliquliyev, həmçinin 2021-ci ildə rəhbərlik etdiyi institutda iki mühüm beynəlxalq konfransın keçiriləcəyini, həmin tədbirlərin təşkili ilə bağlı mütəmadi olaraq müzakirələrin aparıldığını, hazırlıq işlərinin görüldüyünü nəzərə çatdırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.