Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 15 iyul 2020-ci il tarixdə Nazirlər Kabinetinin iclasında geniş çıxış etmişdir. Prezidentin nitqində ölkənin ictimai-siyasi həyatının mühüm məsələlərinə, Ermənistanın Azərbaycana qarşı təcavüzünə, həmçinin yaxın tariximizin hadisələrinə dair bildirdiyi fikirlər, ortaya qoyduğu qətiyyətli mövqe haqlı olaraq ictimaiyyətin diqqətini cəlb etmiş, bütün ölkə vətəndaşları kimi AMEA əməkdaşları tərəfindən də böyük rəğbət və razılıq hissilə qarşılanmışdır.
Milli Elmlər Akademiyasının rəhbərliyi dövlət başçısının bu tarixi çıxışına dərhal reaksiya vermiş və AMEA Rəyasət Heyətinin 16 iyul 2020-ci il tarixində keçirilmiş iclasında Prezidentin nitqi ətraflı müzakirə olunmuşdur. İclası giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev dövlət başçısının çıxışının dərin siyasi təhlilini verərək, diqqəti hər kəsin ondan çıxarılmalı olduğu mühüm dərslərə cəlb etmişdir. Akademik Ramiz Mehdiyev xüsusilə vurğulamışdır ki, cənab Prezidentin nitqində ölkəmiz qarşısında dayanan təhdidlər, dövlətin bu problemlərə olan münasibəti dəqiq şəkildə öz əksini tapmışdır. Ölkəmizin taleyinə laqeyd olmayan hər kəs bu nitqə diqqətlə yanaşmalı, Prezidentin verdiyi siyasi istiqaməti qavramağa çalışmalıdır.
Daha sonra çıxış edən natiqlər - AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, vitse-prezidentlər - akademik Dilqəm Tağıyev, akademik İradə Hüseynova, akademik Rasim Əliquliyev dövlət başçısının mövqeyini birmənalı şəkildə dəstəklədiklərini bildirmiş, qarşıya qoyulan vəzifələrdən söz açmışlar.
Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin çıxışında diqqəti çəkən başlıca amil onun həmişə olduğu kimi öz xalqı ilə yüksək səviyyədə açıq və səmimi təmas qurmaq mədəniyyəti idi. Dövlət başçısı olduqca mürəkkəb siyasi məsələlərə dair çox aydın və qəti mövqe ortaya qoymuşdur. Ermənistanın təcavüzkar mahiyyətinə, Milli Ordumuzun işğalçı dövlətə verdiyi sarsıdıcı cavab zərbələrinə diqqəti cəlb edən Prezidentin qətiyyəti hər kəsi, o cümlədən də alimləri bir daha əmin etdi ki, Azərbaycan qüdrətli dövlətdir. Müstəqil dövlətimizin öz suverenliyini qorumaq üçün kifayət qədər gücü və iradəsi vardır. Dövlət başçısının eyni qətiyyətlə diplomatik xidmət orqanlarının fəaliyyətini tənqid etməsi isə başqa bir mühüm mətləbi hər kəs üçün növbəti dəfə aydınlaşdırmış oldu – Prezident üçün peşəkarlıq, işə məsuliyyət, vəzifə səlahiyyətlərinin icrası zamanı cavabdehlik və yüksək nizam-intizam hər şeydən daha üstündür. AMEA-nın vəzifəli şəxsləri yaxşı bilməlidirlər ki, hər bir Azərbaycan məmuru yaxşı anlamalıdır ki, ölkə rəhbərinin bütün sahələrdəki şəxsi nümunəsi onlar tərəfindən başlıca meyar kimi qəbul edilməli, qarşıya qoyulmuş tapşırıqların icrasında etinasızlığa, pərakəndəliyə qətiyyən yol verilməməli, aydın mövqe nümayiş etdirilməlidir.
Prezidentin cəmiyyətdə xaos və hərc-mərclik yaratmaq istəyənlərə verdiyi tutarlı cavabdan təxribatçı və məkrli qüvvələrin öz paylarını aldıqları da şübhəsizdir. Hər kəs əmin olmalıdır ki, Azərbaycan heç zaman 90-cı illərin xaosuna qayıtmayacaq. Prezident Azərbaycanı daha işıqlı gələcəyə doğru aparmaqda qətiyyətlidir.
Ölkə başçısını AMEA-nın Rəyasət Heyəti adından əmin etmək istəyirik ki, alimlərimiz həmişə olduğu kimi Prezidenti və onun rəhbər tutduğu dövlətçilik prinsiplərini daim dəstəkləyirlər. Prezidentin siyasi iradəsi bizim hər birimiz üçün qanundur. AMEA-nın elmi kollektivləri və alimləri cənab İlham Əliyevin tarixi nitqində qarşıya qoyduğu vəzifələri öz fəaliyyətlərində daim rəhbər tutacaqlar.