Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi Şurasının iclasında bir sıra prioritet məsələlər müzakirə olunub

12 İyun 2020 - 18:13 | Konfranslar, İclaslar

İyunun 12-də AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Elmi şurasının onlayn iclası keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Elmi şuranın sədri, akademik Rasim Əli­qu­li­yev, şu­ra üzv­lə­ri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin rəhbərləri və aidiyyatı şəxslər iştirak edib­lər.

Öncə akademik Rasim Əliquliyev gündəlikdə yer alan məsələləri iclas iştirak­çı­la­rı­nın diq­qə­tinə çatdırıb.

Akademik bir müddət öncə Azərbaycan Res­pub­li­ka­sı­nın Prezidenti cənab İl­ham Əli­ye­vin imza­la­dı­ğı müvafiq Sərəncamlara əsasən, Azər­baycanda el­min inkişafına göstərdikləri xid­mət­lərə görə aka­­demik Fik­rət Əliyevin Azərbaycan Res­pub­­li­ka­sı­nın “Əməkdar elm xadimi” fəx­ri adına layiq gö­rül­düyünü, akademik Yusif Məm­­mədovun 2-ci də­rə­cəli “Əmək” ordeni, akademik Adil Qəribovun və AMEA-nın müxbir üzvü Aydın Ka­zım­zadənin “Şöh­rət” or­den­i­ ilə təltif olunduqlarını vur­ğu­la­yıb.  

Həmçinin onlayn iclasın iştirakçılarının diqqətinə çatdırıb ki, Prezident İlham Əliye­vin 22 may 2020-ci il tarixli Sərəncamı ilə akademik Nazim Məmmədovun, professor İma­məddin Əmiraslanovun, dosent Nadir Abdullayevin və Ziya Əliyevin həmmüəllifi olduqları “Ma­teriyanın yeni kvant halı – antiferromaqnit topoloji izolyator: dizayn, əsas elektron xas­sələri və tətbiq perspektivləri” mövzusunda elmi məqalələr toplusuna Azərbaycan Res­pub­likasının elm sahəsində Dövlət Mükafatı verilib.

Təltif olunan Bölmə üzvləri ölkəmizin rəhbəri, cənab İlham Əliyevə və AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevə Azərbaycan elminə və alimlərimizə gös­­tər­dik­­ləri diqqət və qayğıya görə xüsusi minnətdarlıqlarını bildiriblər.

Daha sonra Elmi şuranın sədri, akademik R.Əliquliyev AMEA-nın 10 iyun 2020-ci il ta­rixində keçirilən Ümu­­mi Yığıncağının FRTEB qarşısında müəy­yən­ləş­dir­diyi vəzifələr haqqında ət­raflı mə­lu­mat verib. Qeyd edib ki, FRTEB-in elmi müəssisələri tərəfindən irəli sürülmüş bir sıra mühüm təkliflər Ümumi Yığıncaqda geniş müzakirə olunmuş və bu barədə qərarlar qəbul edilmişdir.

Onlayn iclasın gündəliyində yer alan növbəti məsələ FRTEB üzrə məqsədli elmi proqramların müzakirəsini özündə ehtiva edib. Elmi şuranın üzvləri FRTEB-in elmi tədqiqat müəssisələrinin məqsədli elmi proqramlarının AMEA-nın Rəyasət Heyətinə təqdim edilməsini qərara alıblar.

İclasda, həmçinin həlli vacib olan digər elmi-təşkilati məsələlərə də baxılıb. Belə ki, “AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı”nın icrası ilə bağlı Tədbirlər planı, həmçinin FRTEB-in elmi müəssisələrinin koronavirus pandemiyası və onunla əlaqədar problemlərə dair təklifləri  onlayn iclasın iştirakçıları tərəfindən geniş müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Bu ilin mart ayında Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun öl­kə­mizə rəsmi səfəri çərçivəsində ikitərəfli əməkdaşlığı özündə ehtiva edən çoxsaylı sə­nəd­lə­rin imzalandığını xatırladan akademik Rasim Əliquliyev, “Azərbaycan Milli Elmlər Aka­demiyasının İdarəetmə Sistemləri İnstitutu ilə Türkmənistan Elmlər Akademiyasının Seysmologiya və Atmosfer Fizikası İnstitutu arasında qəbul edilən Anlaşma Memo­ran­du­mu”n­dan danışıb.

Məsələ ilə bağlı çıxış edən akademik Telman Əliyev qeyd edib ki, bu sənəd əsa­sın­da “Zəlzələnin başlanmasının seysmoakustik nois monitorinqi və onun ocağının zonası ba­rə­də xəbərdarlıq sistemi” adlı layihənin yerinə yetirilməsi nəzərdə tutulub. “Layihəyə əsa­sən,  həm Türkmənistanda, həm də Azərbaycanda bir neçə seysmoakustik stansiya tikil­mə­lidir. Bundan başqa, hər iki ölkənin stansiyalarında monitorinq mərkəzi və qərar qəbuletmə sistemi olmalıdır”, - deyə alim əlavə edib.

Daha sonra AMEA-nın Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oq­tay Qasımov “Hüceyrə Texnologiyalarının İnkişafı” proqramı haqqında onlayn iclasın iş­­ti­rakçılarına ətraflı məlumat verib. FRTEB-in Elmi şurası AMEA-nın Rəyasət Heyəti qarşısında “Hüceyrə Texnologiyalarının İnkişafı” proqramı barədə müva­fiq vəsatət qal­dı­rılmasını qərara alıb.

Elmi şuranın üzvləri Fizika İnstitutunun böyük elmi işçisi Faiq Əhmədovun və elmi işçisi Nur­lan Abbaslının Rusiya Federasiyasının Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Təd­qiqatları İnstitutu ilə bağlanmış müqaviləyə əsasən orada apardıqları birgə elmi təd­qi­qat­­ların davam etdiyi­ni nəzərə alaraq, onların ezamiyyətinin bir il müddətinə uzadılması ba­rədə AMEA-nın Rəyasət He­yəti qarşısında vəsatət qaldırılmasını qərara alıblar.  

Onlayn iclasda bir sıra həlli vacib olan məsələlər müzakirə olunub, suallar cavab­lan­dı­rılıb. 

frteb.science.gov.az