Veb-saytların funksionallığının artırılması və keyfiyyətinin yüksəldilməsi üçün veb-analitikanın aparılması zəruri şərtdir.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 16 saylı şöbəsinin növbəti elmi seminarı onlayn formada keçirilib. “Zoom Meeting” proqramı vasitəsilə təşkil olunan tədbir “Veb-sayt analitikası alətlərinin analizi və effektivliyinin qiymətləndirilməsi” mövzusunda magistr dissertasiya işinin müzakirəsinə həsr olunub.
İnstitutun magistrantı Əzizxan Sadıyev tədqiqat işini təqdim edərək məsələnin aktuallığını önə çəkib. Bildirib ki, veb-saytların funksionallığının artırılması və keyfiyyətinin yüksəldilməsi üçün veb-analitikanın aparılması zəruri şərtdir: “Bu proseslərin həyata keçirilməsi üçün uyğun veb-sayt analitikası alətləri seçilməlidir”. O, işin əsas məqsədinin veb-saytların effektivliyinin qiymətləndirilməsi üçün istifadə olunan veb-sayt analitikası vasitələrinin müqayisəli analizi olduğunu diqqətə çatdırıb.
Məruzəçi qeyd edib ki, dissertasiya işində beynəlxalq təcrübədə veb-sayt analitikasının tətbiqi istiqamətində görülən işlər araşdırılıb. Veb-analitika metodları, veb-sayt analitikası alətləri müxtəlif aspektlərə görə müqayisəli təhlil edilib, eləcə də veb-sayt analitikası alətləri seçilmiş meyarlar üzrə qiymətləndirilib.
Ə.Sadıyev veb-analitika proseslərinin əsas mərhələləri, məlumatların toplanması üçün istifadə edilən metodlar və bu metodların analizi barədə ətraflı məlumat verib. Veb-sayt analitikası alətlərinin müsbət və mənfi cəhətlərini diqqətə çatdırıb.
Veb-sayt analitikasi alətlərinin effektivliyinin qiymətləndirilməsindən söz açan məruzəçi, bu məqsədlə “modern.az” xəbər portalına ən çox istifadə edilən veb-sayt analitikası alətlərinin kodlarını yerləşdirərək müəyyən vaxt aralığında statistik göstəriciləri analiz etdiyini bildirib.
Dissertasiya işində alınmış əsas nəticələrdən bəhs edən məruzəçi, veb-sayt analitikası sahəsində mövcud təcrübə və metodların araşdırıldığını, bu metodların müqayisəli təhlilinin aparıldığını, veb-sayt analitikası alətlərinin qiymətləndirilməsi üçün meyarların tədqiq edildiyini vurğulayıb. Qeyd edib ki, veb-sayt analitikası alətləri müəyyən edilmiş meyarlar üzrə qiymətləndirilib, ən effektiv alət seçilib və seçilmiş veb-sayt analitikası alətindən istifadə etməklə nəzərdə tutulan veb-saytın effektivliyi qiymətləndirilib.
Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. Müzakirələr zamanı veb-sayt analitikası alətlərinin müasir dövrümüzdə böyük aktuallıq kəsb etdiyi bildirilib, bu istiqamətdə aparılan tədqiqatların daha da dərinləşdirilməsi, beynəlxalq təcrübənin araşdırılması tövsiyə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.