İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn iclası keçirilib

30 Aprel 2020 - 14:54 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutu fəaliyyətini yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq davam etdirir. İnstitutun direktoru, akademik Rasim Əliquliyevin rəhbərliyi ilə bu elmi qurumun növbəti onlayn iclası keçirilib. İclasda bir sıra cari məsələlərə baxılıb.

İlk növbədə, AMEA-nın elmi müəssisə və təşkilatlarına zəruri İnternet xidmətləri göstərən, eləcə də, ölkəmizin elm və təhsil qurumlarının Avropanın Elm və Təhsil Şəbəkəsinə (GEANT) inteqrasiyasını təmin edən AzScienceNet elm-kompüter şəbəkəsinin xüsusi karantin rejimi şəraitində fəaliyyəti, dayanıqlığı ilə bağlı müzakirələr aparılıb. AzScienceNet-in infrastrukturunun genişləndirilməsi və texniki imkanlarının  artırılması ilə bağlı görüləcək işlər müəyyənləşdirilib.

Sonra GEANT təşkilatının dəstəyi ilə Şərq Tərəfdaşlığı ölkələrini birləşdirən EaPConnect layihəsi çərçivəsində bu ilin oktyabr ayının 10-da Bakıda keçirilməsi nəzərdə tutulan beynalxalq tədbirlə - “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturu Konfransı” (EaPEC 2020) ilə bağlı təşkilati məsələlər müzakirə olunub.

Eyni zamanda, institutda keçirilməsi ötən ildən planlaşdırılan süni intellekt problemləri və informasiya təhlükəsizliyinin aktual məsələləri ilə bağlı elmi-praktik  konfranslara hazırlıq işləri haqqında fikir mübadiləsi aparılıb, təşkilatçılar tərəfindən zəruri məlumatlar verilib.

İclasda, həmçinin xüsusi karantin rejimi müddətində institutun fəaliyyət planına daxil edilən müxtəlif elmi mövzular üzrə müvafiq əməkdaşların iştirakı ilə onlayın seminarların keçirilməsi təklif edilib.

Eləcə də, institutun əməkdaşlarının, doktorant və dissertantlarının  apardığı elmi-tədqiqat işlərinin vəziyyəti müzakirə olunub, tədqiqatların nəticəsi kimi beynəlxalq bazalarda indeksləşən konfrans və jurnallara təqdim edilən, çapa qəbul olunan tezis və məqalələr haqqında məlumat verilib.

Daha sonra, institutun magistrantlarına distant qaydada tədris olunan dərslərin keyfiyyəti, mənimsənilmə səviyyəsi, magistrantların elmi rəhbərləri ilə onlayn rejimdə təmasları ilə bağlı məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.