Koronavirusla mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirən müsabiqəyə qeydiyyat başladı

31 Mart 2020 - 16:51 | Mühüm hadisələr
Koronavirusla mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirən müsabiqəyə qeydiyyat başladı

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və “SUP.VC” Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə “Global Virtual Hackathon” müsabiqəsi keçirilir.

Müsabiqənin keçirilməsində əsas məqsəd virtual aləmdə insanların öz işlərini nizama salması üçün mühit yaratmaq, öyrənmək, şəbəkə qurmaq, ticari əlaqələr arasındakı boşluğu aradan qaldırmaq, mövcud potensialı üzə çıxarmaq və həqiqi nəticələrin əldə edilməsindən ibarətdir.

Nazirlikdən verilən məlumata görə, “Global Virtual Hackathon” üçün qeydiyyat bu gündən etibarən başlayıb. İştirakçılar müsabiqəyə qoşulmaq üçün “www.hackcov19.com” saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. Qeydiyyat 9 aprel 2020-ci il tarixdə saat 21:00-da başa çatacaq.

Seçilən iştirakçılar üçün müsabiqəyə cari ilin 10 aprel tarixində start veriləcək. Aprelin 12-də keçiriləcək final mərhələsində isə jüriyə təqdim ediləcək layihələr arasından qiymətləndirmə əsasında qalib layihə və iştirakçılar seçiləcək.

Birinci yerin sahibinə 5 000, ikinci yerin sahibinə 3 000, üçüncü yeri tutan iştirakçıya isə 2 000 dollar məbləğində mükafat (bank hesabına köçürülməklə) təqdim ediləcək.