AMEA İnformasiya Texnologiyaları İnstitutunun 10 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. Şöbənin əməkdaşı Gülarə Məmmədova “Universitet tələbələrinin təhsil xüsusiyyətlərinin proqnozlaşdırılması üçün Data Mining metodlarının işlənməsi” mövzusunda məruzə ilə çıxış etdi. Qeyd etdi ki, tələbələrin tədrisdə müvəffəqiyyətinin artırılması ali təhsil müəssisəsinin əsas məqsədidir.
Onun sözlərinə görə, universitet müəllimləri tələbələrin təlimini izləməli, onların hansı sahələrdə irəliləyiş əldə etdiyini, əlavə təhsilə ehtiyacları olub-olmadığını müəyyən etməlidirlər. Təhsil müəssisələri isə məlumatların analizində müasir intellektual metodlardan istifadə edərək tələbələrə təhsil zamanı qarşılaşdıqları bütün problemlərin effektiv həlli üçün kömək etməlidirlər.
Məruzəçi qeyd etdi ki, təlim prosesində yaradılan böyük həcmdə verilənlərin analizi və tələbələrin fəaliyyətinin proqnozlaşdırılması üçün intellektual təhsil metodlarından (EDM – Educational Data Mining) istifadə etmək olar. “Proqnozlaşdırma tələbənin fəaliyyətini effektiv şəkildə izləməyə kömək edir”, - deyə bildirən G.Məmmədova bu metodun vasitəsilə müəllimlərin xüsusi diqqətə ehtiyacı olan tələbəni müəyyənləşdirdiyini və onun təhsil fəaliyyətinin yaxşılaşdırılması üçün müvafiq tədbirlər gördüyünü qeyd etdi.
O, verilənləri proqnozlaşdırmaq üçün müxtəlif intellektual analiz metodlarının mövcud olduğunu vurğuladı, onların hər birinin müsbət və mənfi cəhətlərini diqqətə çatdırdı.
G.Məmmədova təhsildə proqnoz məsələlərinin həllində istifadə olunan Data Mining-in klassifikasiya, reqressiya, assosiasiya üsullarından danışdı, onlar haqqında ətraflı məlumat verdi. Təlim fəaliyyətinin proqnozlaşdırılması üçün bu metodlardan istifadənin praktiki nümunələrini təqdim etdi. Qeyd etdi ki, proqnozlaşdırma zamanı EDM texnologiyasının istifadəsi tədris prosesinin keyfiyyətinin artırılmasına səbəb olur, tələbələrin fəaliyyətini optimallaşdırır, uğurlarını artırır.
Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.