İnstitutda dissertasiya şurasının növbəti seminarı keçirildi

30 Oktyabr 2014 - 15:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda dissertasiya şurasının növbəti seminarı keçirildi. İclasın sədri, texnika elmləri doktoru, professor Məsumə Məmmədova tədbirin 1203.01 - “Kompüter elmləri” ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq iddiasında olan Səkinə Ağazadənin dissertasiya işinin müzakirəsinə həsr olunduğunu bildirdi.

S.Ağazadə “Tibbi müəssisələrin fəaliyyətinin səmərəliyinə informasiya sistemlərinin təsirinin qiymətləndirilməsi üçün model və metodların işlənilməsi” mövzusunda dissertasiya işi haqqında məlumat verdi.

Bildirdi ki, işin əsas məqsədi müasir tibbi müəssisələrin fəaliyyətinin təşkili və idarə olunmasının səmərəliyinə, onların keyfiyyət göstəricilərinin yüksəldilməsinə informasiya sistemlərinin təsirinin qiymətləndirilməsi üçün müvafiq model və metodların işlənilməsidir.

İddiaçının sözlərinə görə, dissertasiya işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün tibbi müəssisələrin formalaşma tendensiyaları və xarakterik xüsusiyyətləri təhlil olunmuş, təşkilati-idarəetmə sisteminin qurulması prinsipləri araşdırılmış, qarşılıqlı fəaliyyətində vahid informasiya infrastrukturu formalaşdırılmış, tibbi sferada idarəetmə və müalicə proseslərinin səmərəliyinin qiymətləndirilməsi üzrə göstəricilər sistemi işlənmişdir. Həmçinin işlənilmiş model və metodların praktiki nümunələr üzrə yoxlanılması və alınmış nəticələrin adekvatlıq səviyyəsininin qiymətləndirilməsi aparılmışdır.

Məruzəçi dissertasiya işində əldə olunmuş əsas elmi yenilikləri də diqqətə çatdırdı. Qeyd etdi ki, elmi işdə informasiya sistemlərinin və müalicə müəssisələrinin keyfiyyət xüsusiyyətlərini xarakterizə edən indikatorlar müəyyən edilmiş, informasiya sistemlərinin keyfiyyət xüsusiyyətlərinin müəyyənləşdirilməsi modelləri, tibbi sferada istifadə olunan informasiya sistemlərinin keyfiyyət xüsusiyyətlərinin müalicə göstəricilərinə təsir dərəcəsinin qiymətləndirilməsi modelləri, tibbi müəssisələrin fəaliyyətinə təsir edən amillərin qiymətləndirilməsi metodları işlənilmişdir.

Sonra iddiaçı çoxsaylı sualları cavablandırdı. 

Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı. Çıxış edənlər dissertasiya işinin aktuallığını önə çəkərək, yüksək elmi nəticələrin əldə edildiyini, müvafiq elm sahəsi üçün böyük əhəmiyyət kəsb etdiyini bildirdilər. 

Sonda səsvermə keçirildi və dissertasiya işinin növbəti mərhələyə buraxılması tövsiyə olundu. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.