Saxta profillərin qruplaşdırılmasında qraflar nəzəriyyəsindən istifadə olunur

28 Fevral 2020 - 10:38 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 2 saylı şöbənin “Saxta profillərin aşkarlanmasına bəzi yanaşmalar” mövzusunda elmi seminarı keçirildi.

Məruzəni təqdim edən institutun magistrantı Xəyalə Əhmədova sosial şəbəkələrdə saxta profillərin və qrupların aşkarlanması ilə bağlı bəzi yanaşmalar haqqında məlumat verdi. O, bu kimi profillərin aşkarlanması üçün müəyyən edilmiş əlamətlərin siniflərini diqqətə çatdırdı, bu əlamətlərin sosial şəbəkə platformlarından asılı olaraq fərqləndiyini qeyd etdi.

Sonra X.Əhmədova saxta profillərin aşkarlanması istiqamətində təklif edilmiş yanaşmalar, burada istifadə edilən maşın təlimi metodları və proqram təminatı haqqında məlumat verdi. Bildirdi ki, sosial şəbəkələrdə istifadəçilərin sayı artdıqca onların klassifikasiya edilməsi məsələsi çətinləşir. Bu səbəbdən saxta profillərin klasterləşdirilməsi onların qruplar şəklində daha sürətli aşkarlanmasına gətirib çıxara bilər.

Məruzəçi saxta profillərin qruplaşdırılmasında qraflar nəzəriyyəsindən istifadə edildiyini qeyd etdi, qraf əsaslı əlamətlər və metodları sınaqdan keçirmək üçün istifadə edilən bazalar haqqında ətraflı məlumat verdi.

Daha sonra şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev sosial şəbəkələrdə saxta profillərin aşkarlanması üçün maşın təlimi yanaşmaları əsasında metod və alqoritmlərin işlənməsi istiqamətində tədqiqatların daha da dərinləşdirilməsini tövsiyə etdi və bir sıra təkliflər səsləndirdi.

Sonda məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.