Niderlandın Eyndhoven Texnologiya Universitetinin alimləri 0,3 mm diametrə malik damarları tikə bilən robot yaradıblar. Supermikrocərrahiyyə üçün hazırlanmış qurğunun insan üzərində ilk sınaqları müvəffəqiyyətlə başa çatıb.
hightech.fm saytının məlumatına əsasən, super mikrocərrahiyyə əməliyyat zamanı son dərəcə kiçik (diametri 0,3-0,8 mm təşkil edən) damarların birləşdirilməsinə yönəlmiş yeni metoddur. Bu üsuldan əksər hallarda limfedema (adətən, süd vəzi xərçənginin müalicəsindən sonra yaranan və şişə çevrilən xəstəlik) ilə mübarizə üçün istifadə olunur. Belə damarların birləşdirilməsinin çətinliyini nəzərə alaraq, hazırda yalnız bəzi cərrahlar super mikrocərrahiyyə əməliyyatlarını həyata keçirməyi öhdələrinə götürürlər.
Məhz limfedema zamanı cərrahi yardım ala biləcək xəstələrin sayını artırmaq üçün tədqiqatçılar “MUSA” adlı avtomatlaşdırılmış sistemi yaradıblar. Sınaq əməliyyatı zamanı qurğu aparıcı cərrahın hərəkətlərini təkrarlayıb. Sistemə inteqrasiya edilmiş alqoritm onun əl hərəkətlərini təhlil edib və yaddaşda saxlayıb, titrəmə və təsadüfi hərəkətləri avtomatik filtrasiya edib. Həkim mikroskop vasitəsilə təsvirə yönələrək, baş verənləri nəzarət altında saxlayıb.
Əməliyyatdan 3,5 ay sonra həkimlər pasiyentlərin damarlarının vəziyyətini qiymətləndiriblər və əməliyyatın müvəffəqiyyətlə həyata keçirildiyi qənaətinə gəliblər. Yaxın zamanlarda istehsalçılar qurğunun sınaqlarını davam etdirəcəklər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.