Yaponiyada robot-barmen “əmək fəaliyyəti”nə başlayıb

08 Fevral 2020 - 21:26 | Texnoloji yeniliklər
Yaponiyada robot-barmen “əmək fəaliyyəti”nə başlayıb

Yaponiyalı mütəxəssislərin hazırladıqları robot-barmen Tokioda yerləşən “Yoronotaki” restoranlar şəbəkəsində işləməyə başlayıb.

“QBIT Robotics” şirkətinə məxsus robot-barmen “gülümsəyən” planşet ilə təchiz edilib. O, içki hazırlayan zaman müştəri ilə hava haqqında, yaxud başqa mövzuda “söhbət edir”.    

Süni intellektə əsaslanan proqram təminatı ilə birlikdə işləyən dörd kamera, hətta müştərilərin reaksiyasını izləməyə imkan verir.

“Reuters” beynəlxalq xəbər agentliyinin məlumatına görə, Yaponiyada əhalinin sayı ilbəil azalır və ölkə əhalisinin demək olar ki, üçdə biri 65 yaşdan yuxarıdır. Ona görə də, robotların istifadəsi ictimai-iaşə obyektlərində və digər xidmət sektorlarında işçi çatışmazlığını aradan qaldıracaq.

Robot-barmenin ilkin satış qiyməti, təxminən 9 milyon yapon yeni, yəni, 82 min dollardır. Bu da restoranda çalışan bir barmenə üç il ərzində verilən əmək haqqı qədərdir.

Mütəxəssislər deyirlər ki, robot-barmenin sınağı iki ay davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.