Beyin sarsıntılarının lazerin köməyilə diaqnostikası üçün yeni portativ cihaz hazırlanıb

05 Fevral 2020 - 12:07 | Texnoloji yeniliklər
Beyin sarsıntılarının lazerin köməyilə diaqnostikası üçün yeni portativ cihaz hazırlanıb

Mütəxəssislər beyin sarsıntılarının lazerin köməyilə diaqnostikası üçün portativ cihaz hazırlayıblar. Miçiqan Universitetinin tədqiqatçılarının hazırladıqları qurğu San-Fransiskoda keçirilmiş “Photonics West” konfransında təqdim edilib.

hightech.fm saytının məlumatına görə, yeni qurğu ilk növbədə, idmançılar üçün faydalı olacaq. Çünki onlar üçün idman növündən asılı olaraq, oyun və ya yarışlarda keçirə biləcəkləri yüngül beyin sarsıntısının sürətli diaqnostikası tələb edilir.

Ən təhlükəlisi isə təkrarlanan beyin sarsıntısıdır. Bu, beyin hüceyrələrinin məhv olması ehtimalını artırır. Bununla yanaşı, tez-tez təkrarlanan sarsıntılar aşkar simptomlar olmadan baş verir.

Sarsıntıların diaqnostikasını sürətləndirmək və analizin dəqiqlik səviyyəsini yüksəltmək üçün hazırlanmış portativ qurğu güclü lazerin köməyilə pasiyentin beyin hüceyrələrinin vəziyyətini yoxlayır.

Yeni metod beyində sitoxrom C-oksidaz adlandırılan molekulla idarə olunan əsas metabolik funksiyanın analizinə yönəlib. Beyin hüceyrələri stress altında olduqda bu molekulun səviyyəsi azalır. Nəticədə onun fəallığının təyini beyin toxumasının sağlam beyindəki kimi, metabolizə olunub-olunmadığını və ya sarsıntı keçirdiyini anlamağa imkan verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.