İnformasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemləri araşdırılacaq

03 Fevral 2020 - 17:27 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 6 saylı şöbəsinin 2020-ci il üçün fəaliyyət planı müzakirə olundu. Planı təqdim edən texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayev bildirdi ki, cari ildə rəhbərlik etdiyi şöbədə informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodlarının işlənməsi istiqamətində araşdırmalar aparılacaq.

Şöbə müdiri qeyd etdi ki, “Əşyaların İnterneti texnologiyalarının tətbiqi ilə milli akustik intellektual monitorinq şəbəkəsinin elmi-nəzəri və arxitektur-texnoloji əsaslarının işlənməsi” mövzusunda tədqiqatların aparılması planlaşdırılır. Bildirdi ki, bu məqsədlə informasiya cəmiyyətinin elmi-nəzəri problemləri araşdırılacaq.

Onun sözlərinə görə, elektron tullantılar (ET) problemlərinin analizi və onların həlli yolları istiqamətində aparılan tədqiqatlarda elektron tullantıların elmi və sosial-iqtisadi problemləri öz həllini tapacaq.

B.Ağayevin qeyd etdi ki, elmi-innovasiya fəaliyyəti çərçivəsində yeni qrant layihələrinin hazırlanması və müsabiqələrdə iştirak, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi planlaşdırılır.

Məruzəçi elmi-pedaqoji fəaliyyət, elmi-texniki konfranslarda iştirak, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli jurnallarda məqalələrin nəşri və innovativ layihələrin КİV-də təbliği ilə bağlı görüləcək işlərdən də söz açdı.

Sonra AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. ET və onların ətraf mühit və insan sağlamlığı üçün yaratdığı problemlər üzrə aparılan tədqiqatların dərinləşdirilməsinin vacibliyini qeyd etdi. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.