AMEA-da Kənd təsərrüfatı naziri ilə görüş keçirilib

31 Yanvar 2020 - 08:47 | Görüşlər

Yanvarın 30-da AMEA Rəyasət Heyətində Azərbaycan Respublikasının Kənd təsərrüfatı naziri İnam Kərimovun akademiya əməkdaşları ilə görüşü keçirilib.

Öncə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev görüşün ölkəmizdə həyata keçirilən aqrar siyasət, qida təhlükəsizliyinin təmin edilməsi və bu sahədə aparılan elmi-tədqiqat işlərinə həsr olunduğunu bildirib. Akademik Ramiz Mehdiyev AMEA-nın Kənd Təsərrüfatı Nazirliyi ilə sıx əməkdaşlıq etdiyini deyərək, bu əlaqələrin daha da genişləndirilməsinin Akademiyanın büdcədənkənar gəlir əldə etməsi baxımından zəruriliyini qeyd edib.

Sonra Kənd təsərrüfatı naziri İnam Kərimov rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, ölkəmizdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, aqrar sahənin inkişafına və bu sahədə yüksək texnologiyaların tətbiqinə xüsusi önəm verilir.

Aqrar sahənin qeyri-neft sektorunun prioritet istiqamətlərindən olduğunu deyən nazir respublikamızda pambıqçılıq, meyvəçilik, ipəkçilik, heyvandarlıq və digər sahələrə dövlət dəstəyinin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlər, ölkə başçısı tərəfindən imzalanan fərman və sərəncamlardan danışıb.

İnam Kərimov respublikamızda kənd təsərrüfatı sektorunun yüksək rəqabətqabiliyyətliliyi və dayanıqlı inkişafına, əhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət yetirildiyini deyərək, bu məqsədlə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və digər bu kimi qurumların yaradıldığını bildirib.

O, Aqrar Elm və İnnovasiya Mərkəzi barədə də məlumat verərək, nazirliyin fəaliyyətinin əsas istiqamətlərindən birinin aqrar elmlər sahəsində əldə edilən nailiyyətlərin tətbiqi olduğunu söyləyib. AMEA ilə rəhbərlik etdiyi qurumun aqrar sahədə həyata keçirdiyi birgə layihələrdən söz açan İnam Kərimov nazirlik ilə Akademiyanın müvafiq elmi müəssisələri arasında əməkdaşlıq əlaqələrinin qurulduğunu, kənd təsərrüfatı sahəsində alim və mütəxəssislərin köməyinə hər zaman ehtiyac duyulduğunu vurğulayıb. AMEA və Kənd Təsərrüfatı Nazirliyi arasında imzalanmış əməkdaşlıq haqqında Niyyət sazişini xatırladan İnam Kərimov rəhbərlik etdiyi qurumun Akademiyanın Genetik Ehtiyatlar, Molekulyar Biologiya və Biotexnologiyalar, Botanika, Zoologiya və digər müvafiq institutları, regional elmi mərkəzləri və bölmələri ilə birgə müxtəlif layihələr həyata keçirdiyini, ölkəmizdə kənd təsərrüfatı sahəsinin elmə, biliyə, innovasiya və texnologiyalara əsaslanan inkişafın dövlət siyasətinin mühüm prioritetlərindən olduğunu xüsusi qeyd edib.

Daha sonra İnam Kərimov AMEA əməkdaşlarının çoxsaylı suallarını cavablandırıb.

Müzakirələrdə AMEA Rəyasət Heyətinin üzvləri, elmi-tədqiqat müəssisələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər. Fikir mübadiləsi zamanı aqrar islahatlar, ərzaq təhlükəsizliyi, nazirliyin tabeliyində olan elmi-tədqiqat institutları ilə Akademiyanın müvafiq elmi müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, məhsuldarlığın artırılması, torpaqların münbitliyinin bərpası, gübrə istehsalı və istifadəsinin dövlət tərəfindən tənzimlənməsi, heyvandarlığın inkişafı, yeni meyvə sortlarının yaradılması və digər məsələlər müzakirə olunub. Nazir gələcəkdə aqrar sahə üzrə layihə və proqramların həyata keçirilməsində ölkə alimlərinin potensialından istifadə edilməsinin zəruriliyini vurğulayıb.

Tədbirin sonunda akademik Ramiz Mehdiyev görüşdə iştirakına, alimləri maraqlandıran sualları cavablandırdığına və əhəmiyyətli tövsiyələrinə görə İnam Kərimova minnətdarlığını ifadə edib. AMEA-nın prezidenti rəsmi dövlət qurumlarının rəhbərləri ilə akademiya əməkdaşlarının belə formatda görüşlərinin bundan sonra da təşkil ediləcəyini diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.