Rusiyalı alimlər tərəfindən hazırlanan kvant kompüteri iki il ərzində kvant üstünlüyünə malik olacaq, yəni o, mövcud superkompüterlər üçün mümkün olmayan hesablama həyata keçirəcək.
Moskva Dövlət Universitetinin Kvant texnologiyaları mərkəzinin elmi direktoru Sergey Kulik qeyd edib ki, bu gün laboratoriyada neytral atomlar və foton çiplər əsasında kvant kompüteri yaratmaq üçün iki fiziki platforma mövcuddur.
“İTAR TASS” informasiya agentliyinin məlumatına görə, dünyada kvant kompüteri yaratmaq üçün təxminən on platforma hazırlanır. Bu platformalardan dördü Rusiyada fəal inkişaf etdirilir.
Rusiyanın Milli Tədqiqat Texnologiya Universiteti “MiSiS”in laboratoriyasında superkeçiricilərin olduğunu xüsusi vurğulayan mütəxəssislər hansı platforma ilə texnoloji nailliyyət əldə edəcəklərini hələlik dəqiqləşdirməyiblər.
Kvant üstünlüyünə ilk imza atan Kaliforniya Universitetinin professoru Con Martinisin rəhbərliyi ilə hazırlanmış kompüter olub. Bu barədə ilk dəfə ötən ilin oktyabr ayında “Nature” jurnalında məlumat verilib. Kompüter 53 qubitlik prosessor ilə bir neçə dəqiqəyə dünyanın ən güclü superkompüterinin 10 min il ərzində edə biləcəyi hesablamaları apara bilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.