AzScienceNet şəbəkəsinin GEANT şəbəkəsinə inteqrasiyası istiqamətində işlər genişləndirilir

23 Yanvar 2020 - 14:04 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında AzScienceNet elm kompüter şəbəkəsinin 2020-ci il üzrə fəaliyyət planı müzakirə olundu.

Planı təqdim edən institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov cari ildə AzScienceNet şəbəkəsi ilə bağlı görüləcək elmi-tədqiqat, AzScienceNet şəbəkəsinin infrastrukturunun genişləndirilməsi, AMEA-nın qurumlarında Wi-Fi şəbəkəsinin və Eduroam xidmətinin yaradılması, internet xidmətlərinin təşkili, proqram təminatının yenilənməsi işləri barədə məlumatı diqqətə çatdırdı.

Direktor müavini AzScienceNet şəbəkəsinin GEANT şəbəkəsinə inteqrasiyası istiqamətində aparılacaq işlərdən söz açdı. Onun sözlərinə görə, ANT şəbəkəsi tərəfindən verilmiş 3Gbit/san. İnternet trafikindən səmərəli istifadə edilməsi, AMEA-nın institut və təşkilatlarının GEANT şəbəkəsinə qoşulması işlərinin aparılması, AzScienceNet mütəxəssislərinə Juniper avadanlıqlarının işə salınması ilə bağlı kursların keçirilməsi, EapConnect layihəsi çərçivəsində İnternet backup (ehtiyat) xəttinin isə 1Gb/s sürətə çatdırılması, LoLa-xidmətinin Naxçıvan Dövlət Universitetinin Konservatoriyasında quraşdırılması və işə salınması cari ildə həlli planlaşdırılan işlər sırasındadır.

R.Ələkbərov AzScieceNet şəbəkəsinin xidmətlərindən respublika ali təhsil müəssisələrində istifadə edilməsi işlərindən danışdı. Bildirdi ki, AzEduNet.az təhsil şəbəkəsinin AzScienceNet şəbəkəsinə qoşulması, istiqamətində işlərin aparılması, AzScienceNet üzərindən Dövlət Gömrük Komitəsinin Akademiyası üçün distant tədris xidmətinin təşkili, ali və elmi müəssisələrində Eduroam xidmətindən istifadə edilməsinin təşkili istiqamətində işlərin həyata keçirilməsi təmin olunacaq.

AzScienceNet şəbəkəsinin beynəlxalq əməkdaşlıq münasibətlərinin qurulmasından danışan R.Ələkbərov GEANT Assosasiyası ilə əməkdaşlıq çərçivəsində aparılan işlərin davam etdiriləcəyini, AzScienceCert və Rusiya Elmlər Akademiyasının A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun Paylanmış Hesablamalar Mərkəzi ilə əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində işlərin aparılacağını qeyd etdi.

Cari ildə Azərbaycanda keçiriləcək “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturu Konfransı”na (5th Eastern Partnership E-infrastructures Conference, EaPEC 2020) hazırlıq işlərindən danışdı. İnstitutun bu konfransın təşkilində yaxından iştirak etdiyini diqqətə çatdırdı.

Daha sonra R.Ələkbərov Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında LOLA (LOw LAtency – aşağı gecikməli) audiovizual yayım sisteminin istismara verilməsinə həsr olunmuş tədbir haqqında məlumatı diqqətə çatdırdı. 20 dekabr 2019-cu il tarixində “Ənənələri birləşdirək” devizi altında keçirilən bu tədbirdə LOLA texnologiyası və R&E şəbəkələri ilə bağlanan Bakı və Tallin (Estoniya) sənətçilərinin çıxışlarının yer aldığını qeyd etdi.

LOLA audiovizual yayım sisteminin imkanları barədə danışan direktor müavini LOLA layihəsinin real zamanda musiqi nümayişlərini təmin etmək məqsədi daşıdığını və fiziki olaraq bir-birilərindən uzaq məsafədə olan ifaçı və musiqiçiləri qabaqcıl şəbəkə xidmətləri vasitəsilə onlayn bağlantı ilə bir araya gətirdiyini və hazırda bu sistemə dünyanın 30-dan çox ölkəsi və 80-ə yaxın şəhərindən 107 nöqtədə qoşulma həyata keçirildiyini dedi. Bildirdi ki, Şərq tərəfdaşlığı ölkələrini maliyyələşdirilən EapConnect layihəsi çərçivəsində baş tutan konsertə Azərbaycanda AMEA İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet elm və təhsil şəbəkəsi, Tallində isə EENet Estoniya tədqiqat və təhsil şəbəkəsi tərəfindən texniki dəstək göstərilib.

R.Ələkbərov “Superkompüter texnologiyaları: mövcud vəziyyəti, imkanları və perspektivləri” mövzusunda Ümumrespublika elmi-praktiki seminarının keçirilməsi barədə danışdı, institut əməkdaşlarını bu seminarda fəal iştiraka səslədi.

Sonda müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.