“Ağıllı” ev üçün universal robot-kürə təqdim edilir

08 Yanvar 2020 - 11:47 | Texnoloji yeniliklər
“Ağıllı” ev üçün universal robot-kürə təqdim edilir

Hazırda “ağıllı” texnikaların müxtəlif sahələrdə istifadəsi olduqca geniş yayılıb. “Ağıllı” çarpayı, televizor, soyuducu və hətta diş fırçaları hər kəsi təəccübləndirməkdə davam edir. Lakin bu yenilikləri idarə etmək zaman keçdikcə çətinləşir.

“Samsung” şirkətinin hazırladığı “Ballie” adlı kiçik, sarı robot-kürə bu problemi həll etmək imkanına malikdir.

planet-today.ru saytının məlumatına əsasən, yenilik bu günlərdə Las-Veqasda keçirilən “CES 2020” sərgisində təqdim edilir. Robotun “ağıllı” ev üçün mərkəz kimi istifadə edilə biləcəyi güman edilir. “Ballie” xüsusi mobil tətbiqetmənin köməyi ilə idarə olunur. Bundan əlavə, onun digər xüsusiyyətlərini, eləcə də fitnes-köməkçisi funksiyasını da aktivləşdirmək mümkündür.

Robotun imkanlarını nümayiş etdirən video onun pərdələri necə aça biləcəyini, televizoru yandıracağını, sahibi üçün darıxan itin şəklini çəkərək ona göndərə biləcəyini göstərir. “Ballie”, zəruri hallarda, müəyyən vəzifələrin icrasını yerinə yetirmək üçün müvafiq avadanlıqları da çağırmaq imkanına malikdir.

Qeyd edək ki, istehsalçılar robotların dəyərini və satışa çıxarılacağı vaxtı hələki açıqlamırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.