Süni insan təqdim olunub

07 Yanvar 2020 - 16:34 | Texnoloji yeniliklər
Süni insan təqdim olunub

“Samsung” şirkəti faktiki olaraq real avatar olan süni insanın yaradıldığını elan edib. Yenilik “Neon” layihəsi çərçivəsində həyata keçirilib və bu gün Las-Veqasda başlayan “CES 2020” elektronika sərgisində təqdim ediləcəyi gözlənilir. Bu texnoloji həll biznes çərçivəsində idarəçi və ya bələdçi kimi, eləcə də əyləncə layihələrində tətbiq oluna bilər.

Layihənin həyata keçirilməsi barədə informasiyanı “Neon” layihəsinin aparıcı mütəxəssisi, hind alimi Pranav Mistri özünün “Twitter”dəki postunda verib: “Kod işləyir və “CORE R3” demo versiyasına hazırdır. Hazırda o, ilk məlumatlardan asılı olmayaraq avtonom şəkildə üz ifadələrini idarə etmək, hərəkət etmək, danışa bilmək (hətta, hind dilində) imkanına malikdir”, - deyə alim qeyd edib.

planet-today.ru saytının məlumatına görə, Pranav Mistri hazırlanmış avatarın təsvirini də yayımlayıb. Süni insanlar adi kompüter animasiyasına bənzəmir, olduqca realdırlar.

Alim qeyd edib ki, hazırlanmış avatarların adekvat emosiyaları necə ifadə edəcəyini söyləmək çətindir. Buna baxmayaraq, şirkətin bu yeniliyi irəliyə doğru böyük addım hesab edilir.

İstehsalçıların fikrincə, bu kimi rəqəmsal insanlar gələcək illərdə əsas texnologiyaya çevrilə və gündəlik həyatın müxtəlif sahələrində səmərəli istifadə edilə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.