Virtual obyektlərə “toxunmağa” imkan verən VR-əlcək hazırlanıb

29 Dekabr 2019 - 10:49 | Texnoloji yeniliklər
Virtual obyektlərə “toxunmağa” imkan verən VR-əlcək hazırlanıb

Daha əvvəl taktil əks-əlaqəyə malik “Teslasuit” adlı VR-kostyum yaratmış britaniyalı mütəxəssislər komandası öz yeni məhsulunu ictimaiyyətə təqdim etməyə hazırlaşır. “Teslasuit Glove” virtual reallıq əlcəyi istifadəçilərə virtual tekstur və obyektlərə “toxunmağa” kömək edəcək.

dni24.com saytının məlumatına görə, bu əlcək tibbi reabilitasiya proqramları, həmçinin digər ixtisaslaşdırılmış tətbiq növləri üçün xüsusi olaraq hazırlanıb. Məhsulda virtual predmetlərlə qarşılıqlı təsir zamanı toxunmaqla duyulan hisslərin yaranması üçün bir neçə müxtəlif texnologiya birləşir. Əlcək, həmçinin istifadəçinin əl hərəkətlərini tutmağa, onun nəbzini və digər biometrik məlumatları qeydə almağa imkan verir. Qadcet virtual dünyaya praktik olaraq, tam daxil olmanı təmin edir, “Wi-Fi” vasitəsilə sözügedən kostyumla birlikdə işləyə bilir. Əlcəyə hər barmaqda 9 ədəd olmaqla, elektrodlar quraşdırılıb. Məhz onların sayəsində obyektlərə real toxunma hissi yaranır. Vibrasiya ilə birlikdə fiziki müqaviməti təmin edən plastik ekzoskelet də reallığa xidmət edir.

Bildirilir ki, “Teslasuit Glove” əlcəyi 7 yanvar 2020-ci il tarixində Los-Ancelesdə keçiriləcək “CES” istehlak elektronikası sərgisində təqdim ediləcək. Artıq ilin ikinci yarısında istehsalçı ilkin sifarişlərin çatdırılmasına başlayacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.