“Ağıllı” supermarket arabaları vaxtınıza qənaət edəcək

27 Dekabr 2019 - 16:00 | Maraqlı məlumatlar
“Ağıllı” supermarket arabaları vaxtınıza qənaət edəcək

Bu ilin əvvəlində dünya mətbuatında “Amazon” şirkətinin özünün “Amazon” mağazalar şəbəkəsinə daxil olan 24 satış mərkəzində, eləcə də “Grabango” startapının “Giant Eagle” ərzaq supermarketində kassa və kassirsiz satış həyata keçirdikləri, eləcə də süni intellektə əsaslanan video müşahidə kameralarından istifadə etdikləri barədə xəbərlər yayılmışdı.

Bununla yanaşı, bəzi ticarət mərkəzləri, supermarketlər “ağıllı” mağaza arabalarından istifadə etməyə qərar veriblər. Süni intellektə əsaslanan müşahidə kamerası və sensor ötürücü yerləşdirilən “ağıllı” arabalarda alınan malları çəkmək üçün tərəzi də quraşdırılıb.

Müştəri mağazadan çıxanda arabada olan yaşıl indikator yanaraq alış-verişin bitdiyini bildirir. Müştərilər alış-veriç üçün ödənişi kredit kartı ilə “Apple Pay” və “Google Pay” vasitəsilə həyata keçirirlər. Hər hansı problem və ya uyğunsuzluq olduğu təqdirdə dərhal indikatorun qırmızı işığı yanır və mağaza əməkdaşı yaxınlaşır.  

“Caper” və “Veeve” startaplarının fikrincə, “ağıllı” səbətlərdən istifadə etmək daha rahatdır.

“Veeve”in baş direktoru Şərif Siddiqinin sözlərinə görə, “ağıllı” supermarket arabaları öz müştərilərinə endirim kuponları da hazırlayıblar.

Hər dəfə süni intellektin biznesə tətbiq olunması müştərilərin konfidensiallığının qorunması məsələsini qarşıya qoyur. cnn.com saytıın verdiyi xəbərə görə, “Caper” və “Veeve” müştərilərin konfidensiallığını qorumaq məqsədilə “ağıllı” arabalara quraşdırılan kameralar aşağıya doğru istiqamətləndiriblər, kamera yalnız müştərinin əllərinin hərəkət istiqamətini çəkir.

Mütəxəssislərin fikrincə, “ağıllı” market arabalarından geniş istifadə gələcəkdə mağazalarda kassa əməliyyatı aparan əməkdaşların rolunu dəyişəcək. Onlar mağaza boyunca gəzərək müştərilərin suallarını cavablandıra bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.