Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Yüksək Sürətli Hesablama Mərkəzi açılıb

25 Dekabr 2019 - 15:57 | Konfranslar, İclaslar

Dekabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Yüksək Sürətli Hesablama Mərkəzinin (High Performance Computing-HPC)  açılış mərasimi keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, “Azərkosmos” ASC-nin sədri Rəşad NəbiyevTəhsil nazirinin müavini İdris İsayev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə, eləcə də ölkənin aparıcı ali məktəblərinin rektorları, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı yüksək sürət tələb edən hesablamaları həyata keçirmək üçün istifadə oluna bilən, müasir elmi istiqamət olan HPC Mərkəzi haqqında ətraflı məlumat verib. O, ADNSU-da belə bir mərkəzin yaradılmasında əsas məqsədin HPC-nin nəzəri və tətbiqi sahələrində yeni və innovativ tədqiqat ideyalarının yayılması, ölkəmizin sənaye və elmi mərkəzlərinin proqramlarının həyata keçirilməsi, məlumatların və proqramların respublika xaricinə ötürülməsinin qarşısının alınması, Big Data prosesinin idarə olunması və bu sahədə ixtisaslaşdırılmış kadrların hazırlanması olduğunu vurğulayıb.

Rektor HPC Mərkəzinin yaradılmasında göstərdiyi texniki dəstəyə görə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutuna və akademik Rasim Əliquliyevə xüsusi minnətdarlığını bildirdi. Vurğuladı ki, artıq ölkənin 18 təhsil müəssisəsi AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet şəbəkəsi və Data Mərkəzin xidmətlərindən yararlanmaq imkanı əldə ediblər. Təhsil Nazirliyinin AzEduNet şəbəkəsinin AzScienceNet şəbəkəsinə inteqrasiyası istiqamətində işlərin genişləndirildiyini söyləyən professor M.Babanlı təklif olunan 1 Gbit/san İnternet trafikdən 700 Mbit/san sürətin AzEduNet şəbəkəsinə təqdim olunduğunu qeyd etdi. O, həmçinin bildirdi ki, GEANT ilə əməkdaşlıq əlaqələri Azərbaycan təhsil müəssisələrində aparılan elmi tədqiqatların səmərəliyinin artırılmasına geniş imkanlar yaradacaq.

Tədbirdə HPC Mərkəzi haqqında videoçarx nümayiş etdirilib.

Sonra HPC Mərkəzin icraçısı Nigar İsmayılovanın təqdimatı dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.