“Samsung” şirkəti “ağıllı” ev üçün növbəti yeni məhsulunu – “AirDresser” şkafını təqdim edib. O, istifadəçiyə öz geyiminə qulluq etməyə, onu təmizləməyə, yağış və ya qarın altında qaldıqdan sonra qurutmağa imkan verir.
dni24.com saytının məlumatına əsasən, qurğu 4 rejimdə işləyir: gigiyenik emal, tozun təmizlənməsi, qırışların ütülənməsi və xoşagəlməz qoxunun aradan qaldırılması. Bütün bunlar buxar və özündə eyni zamanda müxtəlif temperaturlu havanı birləşdirən xüsusi filtrlərin köməyilə həyata keçirilir.
Şirkət nümayəndələrinin sözlərinə görə, “ağıllı” şkaf allergiyadan əziyyət çəkən insanlar üçün faydalı olacaq. Onlar geyimlərini kimyəvi təmizləmədən istifadə etmədən, ev şəraitində və qısa müddət ərzində təmizləyə biləcəklər. Yeni şkaf, həmçinin əşyaları hər dəfə əzildikdən və ya xoşagəlməz qoxu aldıqdan sonra yumaq istəməyən şəxslərə kömək edəcək. Bu, yalnız yuyucu toza qənaət etməyə deyil, həm də qarderobun ömrünü uzatmağa imkan verəcək.
“Samsung AirDresser” şkafının daha bir xüsusiyyəti “SmartThings” “ağıllı” ev sisteminə tamamilə inteqrasiya edilə bilməsidir. Bundan başqa, qurğu sahibinin vərdişlərini izləyə biləcək, ona geyim üçün qulluğa dair məsləhətlər verəcək və fərdi iş rejimlərini təklif edəcək. Onun qiyməti təxminən 2200 dollar təşkil edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.