AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Elektron dövlətdə sosial kredit sisteminin tətbiqinin problemləri və perspektivləri” mövzusuna həsr olunmuş elmi seminar keçirildi.
Məruzəni təqdim edən institutun baş mütəxəssisi, texnika elmləri üzrə fəlsəfə doktoru İradə Ələkbərova bildirdi ki, tarix boyu insanların bu və ya digər xüsusiyyətinə görə qiymətləndirilməsinin aparılması prosesi müasir dövrümüzdə də davam etməkdədir. Məruzəçi informasiya texnologiyalarının inkişafı ilə əlaqədar insan fəaliyyətinin şəffaflaşdığını, cəmiyyətin elektron idarə edilməsi prosesinin genişləndiyini diqqətə çatdırdı. O, bildirdi ki, e-hökumət mühitində insanların fəaliyyəti ilə bağlı məlumatlar müxtəlif bazalarda toplanılır, eləcə də burada insanların vətəndaş və qanun, vətəndaş və konstitusiya müstəvisində vəzifə öhdəlikləri öz əksini tapır.
İ.Ələkbərova e-dövlətin formalaşdığı müasir cəmiyyətdə müxtəlif reyestrlərdə, bank sistemlərində, şəxsi uçot vərəqlərində və arxivlərdə “böyük verilənlər”i təşkil edən məlumatların saxlanıldığını, eləcə də bu məlumatlardan e-dövlət quruculuğunda səmərəli istifadənin ölkənin informasiya təhlükəsizliyinin və iqtisadi inkişafının yüksək səviyyədə təmin edilməsi üçün vacib olduğunu bildirdi.
O, sosial kredit sisteminin imkanlarını və onun qiymətləndirilməsi üçün nəzərdə tutulan mövcud sistemlər haqqında məlumat verdi, dünyada geniş istifadə olunan “FİCO”, “VantageScore 3.0” və “Driver Fitness” sistemləri, eləcə də onların perspektivləri müzakirə oludu.
Məruzəçi Çin dövləti tərəfindən təklif olunan sosial kredit sisteminin (Social Credit System, SCS) imkanları haqqında danışdı, sosial kreditin qiymətləndirilməsi metodları və tənzimləmə mexanizmləri barədə məlumat verdi. Sosial kredit sistemində tətbiq olunan “xəbərdarlıq və cəza” nəzəriyyəsinin mənfi və müsbət amillərini sadalayan İ.Ələkbərova onu da qeyd etdi ki, sistemdə istifadə olunan alqoritmdə əsasən 5 faktor nəzərə alınır: vətəndaşın kredit tarixi, öhdəliklərin yerinə yetirilmə imkanı, fərdi xüsusiyyətlər, davranış və maraqlar, sosial münasibətlər.
Bildirdi ki, Çin vətəndaşlarının davranışlarına və fərdi məlumatlara görə qiymətləndirilməsini aparan “Hukou” və “Dang’an” sistemlərinin iş prinsipi Çinin müxtəlif regionlarında sınaqdan keçirilən SCS-in platforması üzərində yaradılıb.
Məruzəçi onu da qeyd etdi ki, SCS tərəfindən vətəndaşın sosial kreditinin qiymətləndirilməsi prinsipindən istifadə etməklə cəmiyyətin keyfiyyətini müəyyən etmək üçün sosial kredit şkalasından istifadə etmək daha məqsədəuyğundur. Sosial kredit şkalasının tətbiqində məqsəd aşağı kreditə malik vətəndaşları dövlət tərəfindən cəzalandırmaq deyil, göstəricinin aşağı düşməsi səbəblərinin müəyyən olunması və bu səbəblərin aradan qaldırılması üçün alternativ tədbirlərin görülməsi, hüquqi vətəndaşların çoxluq təşkil etdiyi hüquqi dövlətin yaradılmasıdır.
Daha sonra AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev müasir dövrümüzdə sosial kredit sistemləri ilə əlaqədar tədqiqatların aktual olduğunu qeyd etdi. Bildirdi ki, sosial kredit sistemi vasitəsilə vətəndaşların qiymətləndirilməsi prosesi sosial-iqtisadi hadisələr ilə əlaqədar bir çox dövlətlərin diqqətini cəlb edən məsələlərdəndir.
Akademik bu mövzunun yeni, aktual və maraqlı olduğunu diqqətə çatdırdı. Vurğuladı ki, burada vətəndaşların milli və ya korporativ səviyyədə qiymətləndirilməsi məsələsi əsas şərtlərdəndir və hər bir cəmiyyətin öz yanaşması və psixoloji qiymətləndirmə metodu vardır.
R.Əliquliyev bildirdi ki, bu tədqiqatın məqsədi yeni şəraitdə – müasir informasiya cəmiyyətində, e-dövlət quruculuğunda, e-demoqrafiya çərçivəsində insanları qiymətləndirməkdir. Qeyd etdi ki, vətəndaşı qiymətləndirmək üçün hər bir sistemin öz marağı var: bank, vergi, tibb, tədris müəssisələri, biznes şirkətləri və s. Bu sahələrdə vətəndaşın qiymətləndirilməsi müəssisənin tələblərinə uyğun olaraq aparılır.
Vətəndaş və cəmiyyət münasibətlərindən danışan R.Əliquliyev burada vətəndaşın qanun və cəmiyyət qarşısında öhdəliklərinin yerinə yetirməsindən asılı olaraq onun qiymətləndirilməsinin aparıldığını qeyd etdi. O, bildirdi ki, vətəndaş və cəmiyyət üzrə vətəndaşı qiymətləndirmək üçün bu gün real zəmin mövcuddur.
Sonda SCS-in iş prinsipi, əhəmiyyəti və problemləri ilə əlaqədar suallar səsləndirildi, müzakirələr aparıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.