Avropa Komissiyası kiberməkanda təhlükəsizliyin təmini üzrə strategiya hazırlayıb

13 Oktyabr 2014 - 14:21 | Mühüm hadisələr
Avropa Komissiyası kiberməkanda təhlükəsizliyin təmini üzrə strategiya hazırlayıb

Avropa Komissiyası Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton ilə birlikdə kiberməkanda təhlükəsizliyin təmini üzrə strategiya hazırlayaraq təqdim edib. 

“Açıq, təhlükəsiz və etibarlı kiberməkan” adlı strategiyanın təqdimatı Brüsseldə baş tutub.

Strategiyada beş prioritet müəyyənləşib: kiberdavamlılığa nail olunması, kibercinayətkarlığın azaldılması, kibermühafizə siyasətinin inkişaf etdirilməsi, kibertəhlükəsizlik üçün sənaye və texnoloji resursların inkişafı, kiberməkan sahəsində uyğun beynəlxalq siyasətin yaradılması.

Həmçinin qeyd olunur ki, Aİ vətəndaşların kibercinayətlərdən mühafizəsi ilə bağlı fəal iş aparır. Bu işin nəticələrindən biri kimi Avropa İttifaqının “Avropol” Polis Xidməti yanında Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin (EC3 – European Cybercrime Centre) yaradılmasını qeyd etmək olar.

Bundan əlavə, strategiya milli kibercinayətkarlıqla mübarizə mərkəzi şəbəkələrinin inkişafı və maliyələşdirilməsini nəzərdə tutur.

Avropa Komissiyası Aİ-nin strategiyanın həyata keçirilməsinə yönələn direktiv layihəsini də təqdim edib.

Direktiv layihəsinə əsasən, Aİ-yə üzv ölkələr milli şəbəkə və informasiya təhlükəsizliyi strategiyalarını hazırlayaraq təsdiq edəcək, bu sahədə fəaliyyətin təmini üçün maliyə resurslarına malik milli orqanlar yaradacaq.  

Bundan əlavə, sənəd Aİ-yə üzv ölkələr və Avropa Komissiyası arasında kibertəhlükəsizlik sahəsində mümkün risklər barədə əvvəlcədən xəbərdarlıq və etibarlı infrastrukturun təmini üçün əməkdaşlıq mexanizminin yaradılmasını nəzərdə tutur.

Layihə ilə həmçinin maliyə xidmətləri, nəqliyyat, energetika, səhiyyə kimi bir sıra əhəmiyyətli infrastruktur operatorlarının, eləcə də informasiya cəmiyyəti xidmətləri (elektron ticarət, internet ödəniş platformaları, axtarış sistemləri, sosial şəbəkələr) göstərən şirkətlərin dövlət administrasiyaları ilə birlikdə kompüter sistemlərinin fəaliyyətinin təmini üçün risklərin yaranması halında davranış qaydalarını təsdiq etməsi və onların göstərdikləri xidmətlər sahəsində təhlükəsizliklə bağlı baş verən bütün insidentlər barədə məlumat verməsi müəyyən edilib.

Ekspertlərin qiymətləndirməsinə görə, hər gün kompüter şəbəkəsində təxminən 150 min kompüter virusu dövr edir. Dünya Bankının məlumatına əsasən, yaxın on ildə əhəmiyyətli informasiya infrastrukturunun 10 faizində qəza baş verə bilər ki, bu da 250 milyard dollar məbləğində ziyanla nəticələnə bilər.

mincom.gov.az