Yeni bioçip genetik xəstəlikləri dərhal aşkar edir

10 Dekabr 2019 - 14:38 | Texnoloji yeniliklər
Yeni bioçip genetik xəstəlikləri dərhal aşkar edir

Rusiyanın Şimal-şərq Federal Universitetinin “Genom tibb” laboratoriyasının elmi işçisi Mira Savina irsi xəstəliklərin sürətli diaqnostikası üçün bioçip hazırlayıb.

naukatv.ru saytının məlumatına əsasən, Cənubi Koreyada təhsil almış tədqiqatçı “Bortnik” fondunun bioçiplərin hazırlanması üzrə genişmiqyaslı qrant layihəsinə qoşulub. Yeni bioçip sürətli DNT-diaqnostika aparmağa və genetik xəstəlikləri aşkar etməyə imkan verir. Ekspertlərin sözlərinə görə, bu metod adi DNT-diaqnostikadan 4 dəfə daha ucuz başa gəlir, nəticənin dəqiqliyi isə 99,9 faiz təşkil edir.

Tədqiqatçılar bildirirlər ki, yakut millətinin nümayəndələrində epilepsiya və demensiyaya yüksək meyillilik aşkar olunub. Hər 100-cü yakut gendə müvafiq mutasiyaların daşıyıcısıdır. Bu səbəbdən yeni metod həmin region üçün olduqca aktualdır. Testlər, həmçinin süni mayalanma zamanı yarana biləcək ciddi neyrodegenerativ xəstəliklərlə bağlı risklər barədə vaxtında xəbərdarlıq edir. Bioçipin prototipi hazırda Yakutiya əhalisində 5 ən çox yayılmış genetik xəstəliyin aşkarlanması üçün “tənzimlənib”. “SAKHA-BIOCHIP” genetik xəstəliklərin daşıyıcılığının aşkarlanması üçün bioçipə əsaslanan test sistemi” layihəsi Skolkovoda “Açıq innovasiyalar” konfransında təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.