Bu gün kompüter siçanının doğum günüdür

09 Dekabr 2019 - 15:46 | Maraqlı məlumatlar

9 dekabr 1968-ci il kompüter siçanının doğum günü hesab olunur. Məhz bu gün San-Fransiskoda kompüter texnologiyaları üzrə konfransda Stanford Tədqiqat İnstitutunun amerikalı ixtiraçısı Duqlas Engelbart dünyanın ilk kompüter siçanını nümayiş etdirdi.

İlk kompüter siçanı bir düymədən ibarət çarxda yerləşdirilən taxta kubdan ibarət idi və siçan quyruğuna bənzəyən bir məftilə bərkidildi.

D.Engelbartla birgə mühəndis Bill İnqiliş də bu qurğu üzərində işlədi və onun ideyasını təkmilləşdirərək siçanı öz əlləri ilə yığdı. Ceff Roulifson isə siçanın imkanlarını genişləndirmək üçün proqramlar yazdı. Bu siçanın daxilində iki metal disk mövcud idi: onlardan biri qurğuyla irəli hərəkət edən zaman çevrilir, ikincisi isə siçanı sağa və sola hərəkət etdirirdi.

Daha sonra “Xerox” şirkəti D.Enqelbartın ideyası ilə tanış olaraq kompüter siçanının konstruksiyasını dəyişdirdi və nisbətən müasir nümunəsini yaratdı. 1970-ci illərin əvvəllərində şirkət ilk dəfə fərdi kompüterin bir hissəsi kimi üç düyməyə sahib olan və 400 dollara başa gələn siçanı təqdim etdi.

1983-cü ildə “Apple” şirkəti “Lisa” kompüterləri üçün özünəməxsus təkdüyməli siçan modelini satışa çıxardı. Bu modelin qiyməti 25 dollara endirildi. Cihazın “Apple Macintosh” kompüterlərində və daha sonra IBM PC üçün “Windows ƏS”-də istifadəsi ona populyarlıq qazandırdı.

Hazırda kompüter siçanlarının iki növü var: mexaniki və optik. Sonuncularda mexaniki elementlər olmadığı üçün manipulyatorun səthə nisbətən hərəkətini izləmək məqsədilə optik sensorlardan istifadə olunur.

1990-cı illərin sonlarında “Sun Microsystems” şikəti ilk lazer siçanını təqdim etdi. Bu model işin daha yüksək dəqiqliyi və daha az enerji sərf etməsi ilə sələflərindən fərqlənir. 2004-cü ildən isə lazer siçanlarının kütləvi istehsalına başlanıldı.

Simsiz siçanlar texnikanın son yeniliyi oldu. Əvvəlcə hər bir istehsalçı onlar üçün öz siqnalötürmə metodunu hazırladı. Daha sonra əlaqə qurmaq üçün “Bluetooth” bağlantısından  geniş istifadə edildikcə qəbuledici cihaza tələbat azaldı. Çünki əksər kompüterlər Bluetooth adapteri ilə təchiz olunmuşdu.

Müasir siçanların dizaynı isə olduqca təəccüblüdür. Belə ki, ənənəvi formalardan avtomobil və ya qızıl bir çubuq şəklində siçanlara, qadın bədəninə və ya ürəyinə, sevilən bir heyvan və ya meyvəyə qədər hər zövqdə dizayn edilmiş kompüter siçanları mövcuddur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.