“CI Convergence India 2020” – 28-ci beynəlxalq informasiya texnologiyaları konfransı keçiriləcək

09 Dekabr 2019 - 14:10 | Elanlar
“CI Convergence India 2020” – 28-ci beynəlxalq informasiya texnologiyaları konfransı keçiriləcək

19-21 fevral 2020-ci il tarixlərində Hindistanda 28-ci beynəlxalq informasiya texnologiyaları konfransı və sərgisi keçiriləcək.

3 gün davam edəcək beynəlxalq tədbir çərçivəsində baş tutacaq konfransda “Əşyalar internetinin “ağıllı” şəhərə tətbiqi”, “Yeni texnologiyalar halqası və yüksələn rəqabət”, “Kiber qanunlar və bərabərlik”, “Milli dövlət kibercasusluğu” və s. mövzulara həsr olunan çoxsaylı məruzələr dinləniləcək.

“CI Convergence India 2020” beynəlxalq sərgisində informasiya texnologiyaları və təhlükəsizlik, rəqəmsal media, “ağıllı” evlər üçün rəqəmsal həllər, eləcə də mobil rabitə sahəsində əldə olunan ən son yeniliklər nümayiş olunacaq.

Beynəlxalq tədbirin proqramına uyğun olaraq, fevralın 19-da 5G texnologiyası liderlərinin sammiti olacaq. Burada 5G liderlərinin “5G inqilabı Əşyalar İnternetinin gələcək yeniliklərinə necə təkan verəcək?”, “5G texnologiyası sənaye və iqtisadi yüksəlişə necə təsir edir?”, “mobil operatorlar öz şəbəkələrində süni intellekti necə sınaqdan keçirməli və tətbiq etməlidirlər?” və s. mövzularına həsr olunan çoxtərəfli müzakirələri keçiriləcək.

Qeyd edək ki, cari ilin yanvar ayında keçirilən “CI Convergence India 2019” beynəlxalq sərgisində dünyanın 30-dan çox ölkəsindən təmsilçilər iştirak edirdilər. Bu tədbir çərçivəsində keçirilən beynəlxalq konfrans və 6 seminarda 182 nəfər məruzəçinin çıxışı dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.