“Ağıllı” televizorların təhlükəli olduğu aşkarlanıb

05 Dekabr 2019 - 11:06 | Maraqlı məlumatlar
“Ağıllı” televizorların təhlükəli olduğu aşkarlanıb

Müasir televizorlar “ağıllı” evi idarə etmək imkanı və ya əyləncə xidmətlərinə giriş kimi bir çox rahat funksiya ilə təchiz edilib. Lakin müasir funksiyalarla birlikdə yeni problemlər də meydana çıxır.

ABŞ Federal Təhqiqatlar Bürosunun mütəxəssisləri aşkar ediblər ki, “ağıllı” televizorlar İnternetə girişə malik olan digər qurğularla bərabər səviyyədə təhlükəli ola bilər. Hazırda televizorların əksəriyyəti səsli idarəetmə və videoçatlar üçün daxili kamera və mikrofonla təchiz edilir. Bu komponentlər, həmçinin ekran qarşısında kimin əyləşdiyindən asılı olaraq, tövsiyə edilən məzmunu quraşdırmaq məqsədilə istifadəçinin tanınması üçün istifadə olunur.

hi-tech.mail.ru saytının məlumatına görə, “Smart TV” cinayətkarların qurğuya məsafədən giriş əldə edə biləcəkləri potensial hədəfdir. Bu kimi hadisələr artıq qeydə alınıb, lakin “ağıllı” televizorlar geniş yayılmadığından problem hələ ki, kütləvi xarakter almayıb.

Bu səbəbdən qabaqcıl televizorların sahiblərinə məxfilik siyasətinə diqqətlə yanaşmaq məsləhət görülür. Beləliklə, “ağıllı” televizorlar hakerlər və fırıldaqçılar üçün adi smartfonlar və kompüterlər kimi tələyə çevrilməyə başlayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.