Dekabrın 3-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda Yeni Azərbaycan Partiyasının ilk özək təşkilatının yaradılması ilə bağlı iclas keçirildi. Tədbirdə AMEA-nın vitse-prezidenti, İTİ-nin direktoru, akademik Rasim Əliquliyev, YAP-ın Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov, YAP Yasamal Rayon Təşkilat Şurasının özək sədri Xədicə İsgəndərli və institutun əməkdaşları iştirak etdilər.
Ümumilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin əldə edilməsi və dövlətçilik ənənələrinin qorunmasındakı xidmətlərindən danışan akademik R.Əliquliyev ulu öndərin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynadığını qeyd etdi.
İclasda çıxış edən T.Əhmədov partiyanın yaranma tarixindən, təşkilatın qurucusu, ulu öndər Heydər Əliyevin müasir Azərbaycanın çiçəklənməsində misilsiz xidmətlərindən, prezident İlham Əliyevin rəhbərliyi ilə YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafına verdiyi töhfələrdən danışdı. O, institutda YAP-ın ilk özək təşkilatının yaradılması münasibətilə İTİ kollektivini təbrik etdi, hər bir üzvə dövlət quruculuğunda və Azərbaycan naminə fəaliyyətlərində uğurlar dilədi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.