AMEA İnformasiya Texnologiyaları İnstitutunda 15 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Şöbənin dissertantı Səmənnaz Zalova “E-vətəndaşın fərdi məlumatlarının təhlükəsizliyi problemləri” mövzusunda məruzə ilə çıxış etdi.
Məruzəçi bildirdi ki, e-dövlətin inkişafı dövlət veb-saytlarının (onlayn xidmətlərin), telekommunikasiya infrastrukturunun və e-vətəndaşların formalaşması ilə təyin edilir. Ona görə də, e-dövlətin formalaşmasında əsas məsələlərdən biri vətəndaşların fərdi məlumatlarının təhlükəsizliyi, gizlilik siyasətinin həyata keçirilməsi ilə bağlıdır.
O, qeyd etdi ki, elektron dövlətin gizlilik siyasəti e-vətəndaşın fərdi məlumatlarının yalnız qanuni məqsədlər üçün toplanması və istifadəsinə zəmanət versə də, informasiya təhlükəsizliyi ilə bağlı məsələ e-vətəndaşı narahat edən əsas problemlərdən biri kimi hələ də aktualdır. Bu siyasətin uğurlu həlli vətəndaşların müxtəlif dövlət veb-saytlarından, onlayn xidmətlərdən etibarlı və təhlükəsiz istifadəsi üçün zəruri şərtdir. Qeyd etdi ki, e-vətəndaşın fərdi məlumatlarının informasiya təhlükəsizliyi məsələsi kompleks yanaşma, eləcə də texniki və qeyri-texniki vasitələrin birgə tətbiqini tələb edir.
S.Zalova istifadəçilərin onlayn xidmət resurslarından istifadəsinə təsir göstərən əsas və tamamlayıcı amillər haqqında ətraflı məlumat verdi, qloballaşan informasiya cəmiyyəti şəraitində uğurlu e-dövlət quruculuğu üçün onların əhəmiyyətini göstərdi.
Məruzəçi e-vətəndaşların informasiya təhlükəsizliyinin təmin edilməsi, fərdi məlumatların gizlilik siyasəti ilə bağlı xarici ölkələrin təcrübəsindən danışdı. Bildirdi ki, e-vətəndaşın fərdi məlumatlarının gizliliyi və bütövlüyü hüquqi, texniki, təşkilati, müdafiə strategiyası və əməkdaşlıq kimi 5 əsas faktorlarla işlənilməlidir.
Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.