3D printerdə ikimərtəbəli ofis binası çap edilib

26 Noyabr 2019 - 12:45 | Texnoloji yeniliklər
3D printerdə ikimərtəbəli ofis binası çap edilib

Çin mühəndisləri ikimərtəbəli ofis binasının əsas quruluşunu çap edə bilən 3D printer hazırlayıblar. Çinin Quandonq əyalətində yerləşən tikinti ərazisində sınaqdan keçirilən cihaz inşaat sənayesini texnologiyaya yaxınlaşdırıb.

planet-today.ru saytının məlumatına görə, binaları çap edə bilən 3D printer Çin Dövlət İnşaat Mühəndisliyi Korporasiyası (CSCEC) tərəfindən hazırlanıb. Bu yenilik üçölçülü çap texnologiyasından istifadə edərək bina strukturlarının yaradılmasında əsl irəliləyiş olub.

“Bu, birbaşa tikinti ərazisində 3D printerdən istifadə edilərək yaradılan planetdəki ilk ikimərtəbəli binadır. Quandonqda nümayiş etdirilən texnologiyadan istifadə tikinti materiallarının altmış faizinə qənaət etməyimizə kömək edə bilər. Bundan əlavə, qurğu enerji xərclərini də ciddi şəkildə azaldacaq”, – deyə CSCEC səlahiyyətliləri qeyd edib. Bildiriblər ki, bu cihazın köməyilə tikinti prosesi tam avtomatlaşdırıla bilər. 3D printerdən istifadə edilərək tikilən binanın ömrünün ən az əlli il olacağı da qeyd olunub.

CSCEC artıq tikintidə üçölçülü çapın tətbiqini təsvir edən on üç patent təqdim edib. Bu cihazın tezliklə dünya bazarında satışa çıxarılacağı gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.