Mobil hesablama buludlarının resurslarından səmərəli istifadə üçün metodların işlənilməsi məsələləri müzakirə edilib

26 Noyabr 2019 - 11:33 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti elmi seminarı keçirildi. İnstitutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarın “Mobil hesablama buludlarının resurslarından səmərəli istifadə üçün metodların işlənməsi” mövzusuna həsr olunduğunu bildirdi.

Məruzəni təqdim edən şöbənin baş mütəxəssisi Oqtay Ələkbərov mobil hesablama buludlarının resurslarından səmərəli istifadə üçün həlli nəzərdə tutulan məsələlər barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, bulud serverlərdə faylların istifadə tezliyinə görə yaddaş qurğularında optimal yerləşdirilməsi, gecikmələri azaltmaq üçün proqram əlavələrinin istifadəçiyə yaxın cloudletlərdə yerləşdirilməsi, cloudletlərdə virtual maşınların məsələnin həll vaxtına və xərcinə görə, eləcə də minimal xərclə məsələnin həllini təmin edən virtual maşınların seçilməsi həlli nəzərdə tutulan məsələlərdəndir. Bununla yanaşı, şəbəkədə etibarlılığın təmin edilməsi üçün istifadəçi ilə cloudletlər arasında minimal əlaqə kanalından istifadə edilməsi, mobil istifadəçilərin hərəkət marşrutunun monitorinqini aparmaqla onun həll etdiyi məsələlərin cloudletlərdə optimal yerləşdirilməsi, hərəkətdə olan mobil istifadəçilər üçün cloudletlərin optimal seçilməsi də bu məsələlər sırasına daxildir.

Bəzi parametr və göstəricilərə görə cloudletlərin seçilməsindən danışan məruzəçi cloudletlərdə virtual maşınların həll vaxtı və xərcinə görə optimal seçilməsi metodunun işlənilməsi barədə məlumat verdi. Bildirdi ki, virtual maşınları seçmək üçün ikiölçülü Skyline operatorundan istifadə edilir.

Skyline operatoru üçün seçilmiş virtual maşınların sxemini təqdim edən O.Ələkbərov qeyd etdi ki, Skyline qurulduqdan sonra növbəti addım qərar qəbul edənin tələbinə uyğun virtual maşınların seçilməsidir.

Məruzəçi sonda mobil istifadəçinin tələbinə uyğun virtual maşınların, hərəkətdə olan mobil istifadəçilər üçün cloudletlərin, eləcə də mobil istifadəçi ilə cloudlet arasıda uzun müddətli əlaqəni təmin edən cloudletin seçilməsindən bəhs etdi, virtual maşınlarda istifadə xərclərinin onların tipindən asılılığını göstərən qrafiki təqdim etdi.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.