Günəş enerjisinin köməyilə planeti qlobal istiləşmədən xilas etməyə yönəldilmiş startap irəliləyişə nail olub

21 Noyabr 2019 - 17:12 | Texnoloji yeniliklər
Günəş enerjisinin köməyilə planeti qlobal istiləşmədən xilas etməyə yönəldilmiş startap irəliləyişə nail olub

Günəş enerjisinin köməyilə planeti qlobal istiləşmədən xilas etmək məqsədi daşıyan startap energetika sahəsində irəliləyişə nail olub. Layihə “Microsoft” korporasiyasının yaradıcısı, dünyanın ən zəngin insanlarından biri, kompüter maqnatı Bil Qeyts tərəfindən dəstəklənir. Ekoloji təmiz enerjinin istehsalı üzrə ixtisaslaşmış “Heliogen” şirkəti ekstremal miqdarda (Selsi şkalası üzrə 1000 dərəcədən yüksək) istilik yaratmaq üsulunu aşkar etdiyini açıqlayıb.

Bu o deməkdir ki, ilk dəfə konsentrasiya edilmiş günəş enerjisi sement, polad, şüşə istehsalı və digər sənaye prosesləri üçün zəruri olan həddindən artıq istilik yaratmaq üçün istifadə edilə bilər. Başqa sözlə, o, adi yanacaqları əvəz edəcək və təmiz enerji sahəsində inqilab edəcək. Texnologiya günəş işığını qəbul edən və toplayan güzgülərin idarə olunması üçün süni intellektdən istifadə edir.

“Biz yanacağın qiymətini aşağı sala bilən və eyni zamanda CO2 tullantılarını yaratmayacaq bir texnologiyanı tətbiq edirik”, - deyə “Heliogen”in təsisçisi və baş direktoru Bil Qros bildirib. Həmçinin patentlənmiş texnologiyanın sənayedə parnik qazlarının tullantılarını əhəmiyyətli dərəcədə azalda biləcəyi qeyd olunub.

mignews.ru saytının məlumatına görə, əvvəllər konsentrasiya edilmiş günəş enerjisi elektrik enerjisinin istehsalı və bəzi hallarda sənaye üçün istifadə olunurdu. Lakin keçmişdə bu texnologiya sement və polad istehsalı üçün lazım olan temperatura qədər qızdırıla bilmirdi. İndiki metod o qədər istilik yaradır ki, sonradan yük maşınları və təyyarələr üçün yanacağa çevrilə bilən təmiz hidrogenin istehsalı üçün istifadə oluna bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.