Facebook şəbəkəsinin WhatsApp messencerini 19 milyard dollara alması təsdiq olundu

08 Oktyabr 2014 - 11:19 | Maraqlı məlumatlar
Facebook şəbəkəsinin WhatsApp messencerini 19 milyard dollara alması təsdiq olundu

Avropa Komissiyası Facebook sosial şəbəkəsi tərəfindən WhatsApp mobil messencerinin 19 milyard dollara satın alınması üzrə sazişi təsdiq edib.
 
Bundan əvvəl Avropanın tənzimləyici orqanları ABŞ yüksək texnoloji şirkətlərinin Avropada mövqeyinin möhkəmlənməsindən ehtiyat edərək potensial alışı təsdiq etməmişdilər. 
 
Avropa Komissiyası iyulda WhatsApp və Facebook arasındakı sazişi antiinhisar qanunvericiliyi pozması ilə bağlı araşdırmağa başlayaraq ətraflı anketləri onlayn messencerlərin hazırlanmasında ixtisaslaşan rəqib şirkətlərə göndərib.

Anketdə alışın onlayn bildirişlər bazarı üçün mümkün nəticələri və fərdi məlumatlardan istifadə üzərində nəzarətlə əlaqədar problemlərlə bağlı bir sıra suallar olub.

Facebook cari ilin mayında sazişi qiymətləndirmək xahişi ilə Avropa Komissiyasına müraciət edib ki, alışın başa çatması mərhələsində regionun bir sıra ölkələrində əlavə araşdırmalara ehtiyac qalmasın. Sövdələşmə Facebook tərəfindən 2014-cü ilin fevralında açıqlanıb.
 
WhatsApp sürətli məlumat mübadiləsi servisi dünyada ən populyar messencerlərdən biridir. 2009-cu ildə Kaliforniyada proqramçılar Yan Kum və Brayan Ekton tərəfindən yaradılan servisdən 100-dən çox ölkədə istifadə edilir. Əlavə "iOS", "Android", "BlackBerry", "Nokia S40", "Symbian" və "Windows Phone" mobil əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğularda quraşdırılır. Messencerdən ayda 400 milyon nəfər istifadə edir.

itar-tass.com