Diş protezləri üçün 3D-printer hazırlanıb

14 Noyabr 2019 - 11:22 | Texnoloji yeniliklər
Diş protezləri üçün 3D-printer hazırlanıb

“Formlabs” şirkəti stomatoloji klinikalarda istifadəsi nəzərdə tutulmuş diş protezlərinin çapı üçün xüsusi 3D-printer hazırlayıb.

Yeni məhsulun bir neçə aydan sonra satışa çıxarılacağı bildirilir. “Formlabs” qurğuda lazer stereolitoqrafiya (SLA) texnologiyalarından istifadə edib. Bu kimi metodda maye material lazer şüasının təsiri altında qat-qat bərkiyir. Buna görə texnologiya yüksək dəqiqliyə malikdir.

ferra.ru saytının məlumatına əsasən, xüsusi proqram təminatlı yeni printer “Form 3b” adlanır. Şirkət cihaz üçün xüsusi tibbi qatranların hazırlanmasına milyon dollardan çox sərmayə qoyduğunu iddia edir. Bunun sayəsində printer tez və ucuz şəkildə koronka (diş tacı) və körpülər, təmizləyici fiksatorlar, diş implantasiyası prosedurları üçün təlimatlar, ağız boşluğu üçün xüsusi qoruyucu qurğular və hətta bütöv protezlər yaratmaq imkanına malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.