Kompüterinizi viruslarla yoluxdurmağın bir çox yolu var. Bu viruslar BIOS səviyyəsində olduqda onlardan qurtulmaq daha çətindir.
“Google” şirkəti istehlak qurğuları və data mərkəzi avadanlıqları üçün təhlükəsiz çiplərin yaradılmasını nəzərdə tutan “OpenTitan” layihəsini istifadəyə verib.
Şirkət açıq spesifikasiyalı və “root-of-trust” mikrosxemlərinin hazırlanması məqsədilə texnoloji şirkətləri əməkdaşlığa cəlb edir.
netflow.by saytının məlumatına görə, belə konsepsiya kibermüdaxilələrin qarşısını alan xüsusi modulun mövcudluğunu nəzərdə tutur. Məsələn, qabaqcıl “Google Pixel 4” smartfonlarında bu rolu “Titan M” mikrokontrolleri – qurğu işə salınan zaman quraşdırılmış proqram təminatının təhlükəsizliyini yoxlayan miniatür prosessor oynayır.
“OpenTitan” ideyasının mahiyyəti ondan ibarətdir ki, proqram təminatı avtorizə edilmiş və yoxlanılan kodun tətbiq edildiyi təsdiq edilmiş komponentlərdə işə salınır. Bu, düzgün proqram təminatları vasitəsilə yüklənməyə imkan verəcək, server və ya qurğunun təsdiqi üçün unikal kriptoqrafik identifikatoru təmin edəcək, şifrləmə açarları kimi məxfi məlumatları hətta qurğudan fiziki istifadə etmək imkanına malik insanlardan qoruyacaq.
“Google” nümayəndələrinin sözlərinə görə, “OpenTitan” layihəsi vasitəsilə yaradılan texnologiyalar çip istehsalçıları, platforma tədarükçüləri və infrastrukturu təkmilləşdirmək istəyən və təhlükəsizliyin qayğısına qalan təşkilatlar üçün faydalı olacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.