Oktyabrın 25-də ADA Universitetində “İnformasiya və Kommunikasiya Texnologiyalarının tətbiqi üzrə 13-cü IEEE Beynəlxalq Konfransı”nın (AICT 2019) bağlanış mərasimi keçirilib.
ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin baş müəllimi Abzətdin Adamov konfransın başa çatması münasibətilə iştirakçıları təbrik edib, konfransın yüksək səviyyədə təşkilinə görə təşkilatçılara və əməyi olan şəxslərə təşəkkürünü bildirib.
O, öz nitqində İKT-nin tətbiqinin yeni rəqəmsal əsrin zəruri tələbi olduğunu vurğulayıb.
A.Adamov sonda “İnformasiya və Kommunikasiya Texnologiyalarının tətbiqi üzrə 14-cü IEEE Beynəlxalq Konfransı”nın (AICT 2020) gələn il Özbəkistanda keçiriləcəyini bildirib.
Tədbirdə konfransın xarici ölkələrdən olan iştirakçıları təşkilat komitəsinə öz minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, ölkəmizdə keçirilən bu cür nüfuzlu tədbirin yüksək səviyyədə təşkil olunması və keçirilməsindən məmnundurlar. Həmçinin paytaxtımız Bakını, tariximizi və mədəniyyətimizi yaxından tanıdıqları üçün şad olduqlarını xüsusi vurğulayıblar.
Xatırladaq ki, 23-25 oktyabr tarixlərində keçirilən “AİCT 2019” konfransı çərçivəsində elmi məruzələrlə yanaşı, ustad dərsləri və nümayəndə heyətləri arasında işgüzar görüşlər keçirilib.
AICT 2019” konfransı ADA Universiteti, AMEA İnformasiya Texnologiyaları İnstitutu, Malayziya Sabah Universiteti, IEEE Azərbaycan şöbəsi və ABŞ-ın Elektrotexnika və Elektronika Mühəndislər İnstitutu texniki dəstəyi ilə keçirilirdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.