Dünyanın ən kiçik kamerası təqdim olunub

25 Oktyabr 2019 - 14:13 | Texnoloji yeniliklər
Dünyanın ən kiçik kamerası təqdim olunub

ABŞ-ın “OmniVision” şirkəti dünyanın ən kiçik kamerasını təqdim edib. Qum zərrəsi ölçüsündə olan qurğunu tibdə, cərrahi alətlərin istehsalında tətbiq etmək planlaşdırılır.

dni24.com saytının məlumatına əsasən, kameranın qabaritləri (0,575x0,575x0,232 mm) bütün dünyanı təəccübləndirib. Qurğu ölçülərinə görə kub formasında qara rəngli qum zərrəsini xatırladır. Buna baxmayaraq, kamera 40 min piksel təsvir ölçüsünə malik şəkillər çəkə bilir, fokus məsafəsi 3-30 mm, əhatə bucağı 120 dərəcə təşkil edir. Çəkilişə arxa tərəfdə xüsusi işıqlandırmaya malik olan “RGB Bayer” çipi cavabdehdir. Kristalın yığcam ölçüləri enerji sərfiyyatının da az (25 meqavatt) olmasına gətirib çıxarır. “OmniVision OV6948” saniyədə 30 kadr sürətlə video çəkə bilir.

Kameranın tətbiq sahəsi hələ ki, dəqiq müəyyən edilməyib. Şirkət tibdə, məhz cərrahi alətlərin istehsalında qurğunun öz tətbiqini tapacağına inanır. Ondan, həmçinin zavod və fabriklərdə mürəkkəb texniki detalların yaradılması üçün istifadə etmək olar. Qurğunun istehsal olunan məhsulun keyfiyyətinin real vaxt rejimində yoxlanması üçün tətbiqi də mümkün olacaq.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.