Oktyabr ayının 23-də Bakıda öz işinə başlayan “İnformasiya və Kommunikasiya Texnologiyalarının tətbiqi üzrə 13-cü IEEE Beynəlxalq Konfransı” (AICT 2019) öz işini ADA Universitetində keçirilən bölmə iclaslarında davam etdirir.
Bu gün konfransın “İKT-in tətbiqində yaranan cərəyanlar və texnologiyalar”, “İKT təhsildə və elmi tədqiqatlarda”, “Qeyri-səlis məntiq və Data Science” mövzularına həsr olunan bölmə iclaslarında maraqlı məruzələr dinlənilib.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev “İnformasiya iqtisadiyyatı inkişafının inklüzivlik səviyyəsinin qiymətləndirilməsi üzrə göstəricilər sisteminin işlənilməsi” adlı məruzə ilə çıxış edib.
O, diqqətə çatdırıb ki, sosial-iqtisadi inkişafın inklüzivlik səviyyəsinin qiymətləndirilməsi problemlərin tədqiqi qlobal və regional idarəetmənin əsas məsələlərindəndir. Bu aspektdə məruzə olunan mövzu üzrə aparılan araşdırmalarda iqtisadi inkişafın elmi-nəzəri əsaslarına inklüzivlik cəhətdən yeni baxışın zəruriliyi əsaslandırılıb. Həmçinin cəmiyyətin inklüziv inkişafını xarakterizə edən yeni indikatorlar və subindekslər sistemi təklif olunub.
Ə.Əliyevin sözlərinə görə, tədqiqatda inklüziv cəmiyyətin və iqtisadiyyatın formalaşması səviyyəsinin regional-sektorial, milli və beynəlxalq qiymətləndirilməsi məsələləri araşdırılıb. Milli inklüziv inkişaf indeksinin formalaşdırılmasına baxılıb. İnklüzivlik səviyyəsinin qiymətləndirilməsinin metodoloji əsasları və ona müvafiq metodika işlənilib.
Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Xatırladaq ki, AICT 2019 “Paşa Bank”ın baş sponsorluğu və Konvensiya Bürosunun dəstəyi ilə keçirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.