“TheGodThings” şirkəti dünyanın ən kiçik rəngli printerini hazırlayıb. Ölçüləri 72x51x68 mm, çəkisi isə cəmi 160 q olan “PrinCube” adlı qurğu istənilən çantaya asanlıqla yerləşir. O, “Wi-Fi” vasitəsilə smartfona qoşulur ki, bu da çap edilməli mətni və ya təsviri yükləməyə imkan verir.
techcult.ru saytının məlumatına görə, “PrinCube”un köməyilə kağızdan başqa, metal, plastik kütlə, ağac, parça və hətta müvəqqəti tatu üçün bədən üzərində çap etmək olar. Mini-printer 1 düymdə 1200 nöqtə çap edə bilir. Çap həcmi bir kartric üçün A4 formatında 415 səhifə təşkil edir. Qurğunun qida mənbəyi 6 saat ərzində fasiləsiz işi təmin edə bilir.
Şirkət “Android” və “iOS” əməliyyat sistemləri ilə işləyən qurğular üçün xüsusi proqram hazırlayıb ki, bu da qeyri-adi qadcetə marağı artırıb. “Indiegogo” kraudfandinq platformasında təqdim edilmiş kampaniya uğur qazanıb və artıq 1,5 milyon dollar toplamağa nail olub.
Hazırda mini-printeri 99 dollara əldə etmək mümkündür. “TheGodThings” nümayəndələri bildiriblər ki, qadcet noyabr ayında satışa çıxarılacaq və onun qiyməti ikiqat artacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.