“K-means” alqoritmləri tədqiq edilir

23 Oktyabr 2019 - 11:29 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 13 saylı şöbənin növbəti elmi seminarı keçirildi.

İnstitutun doktorantı Şəlalə Mansurova “Klasterləşdirmə alqoritmləri” mövzusunda məruzəni təqdim edərək klasterləşdirmə alqoritmləri və onun növləri, eləcə də klasterləşdirmə alqoritmlərinin bir növü kimi K-means klasterləşdirmə alqoritmləri haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, hazırda k-means alqoritminin müxtəlif modifikasiya olunmuş versiyaları mövcuddur.

Ş.Mansurova bildirdi ki, k-means-in ən böyük çatışmazlığı onun ilkin mərkəzinin seçilməsindən asılı olmasıdır. İlkin mərkəzin seçilməsindən asılı olaraq nəticələrin keyfiyyəti də müxtəlif ola bilər. İlkin mərkəzdən asılılıq, böyük həcmli verilənlərin analizində çətinliklər, emal prosesində texniki təminata qoyulan yüksək tələblər məsələləri aradan qaldırmaq məqsədi ilə k-means alqoritminin müxtəlif modifikasiya edilmiş versiyalarına nəzər yetirilir.

Məruzəçi seminarda təklif edilmiş iterativ və çəkili iterativ k-means alqoritmləri haqqında da məlumat verdi. O, həmçinin R proqramlaşdırma dili (R -3.5.3) vasitəsilə həyata keçirilmiş eksperimentin nəticələrini təqdim etdi, k-means ilə iterativ və iterativ çəkili k-means alqoritmlərinin nəticələrini müqayisə etdi.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. Şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev mövzu ilə bağlı fikirlərini səsləndirdi, bu istiqamətdə aparılan tədqiqatların daha da dərinləşdirilməsini tövsiyə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.