Yaponiyalı mühəndislər petabitlik şəbəkələr üçün ilk optik kommutator prototipini nümayiş etdiriblər. Bu avadanlıq 8K təsvir ölçülü videonu eyni anda 10 milyon qurğuda yayımlaya bilmək imkanına malikdir.
Yaponiyanın Milli İnformasiya və Rabitə Texnologiyaları İnstitutu yeni nəsil funksional şəbəkələrin yaradılması istiqamətində mühüm addım atıb. Onlar optik siqnalları 1 Pbit/s sürətlə emal edən kommutasiya qurğusu hazırlayıblar.
hightech.plus saytının məlumatına görə, prototip mikroelektromexanik sistemlər (MEMS) texnologiyasına əsaslanan az itki səviyyəsinə malik müasir irimiqyaslı optik çeviricilərdən, 3 tip ən yeni multipleks liflərdən istifadə edir və 10 Tbit/s-dən 1 Pbit/s-dək tutumlu siqnalların marşrutlaşdırılmasını həyata keçirir. Bu da müasir şəbəkələrin imkanlarından 100 dəfə çoxdur.
Qeyd edək ki, institut qısa və uzaq məsafələr, həmçinin məlumat mərkəzləri şəbəkələri üçün optik lif və sürət kommunikasiyasının yeni tiplərinin hazırlamasında alim və sənaye mərkəzləri ilə fəal əməkdaşlıq edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.