Çində robotlara inam səviyyəsi dünya üzrə orta göstəricidən əhəmiyyətli dərəcədə yüksəkdir. Bu barədə Amerikanın “Oracle” şirkəti və “Future Workplace” firmasının mütəxəssisləri tərəfindən aparılmış tədqiqatda qeyd olunub.
Sorğunun nəticələrinə əsasən, respondentlər hesab edirlər ki, robotlar insanlar üzərində üstünlüklərə malikdirlər, onlar işi planlaşdırmaq, obyektiv informasiya ilə işləmək və yaranan problemləri həll etmək məsələlərində insanlardan daha yaxşıdırlar. Sorğuda iştirak edən 5 nəfərdən 4-ü bildirib ki, adi menecerlərlə müqayisədə robotlar əksər tapşırıqların öhdəsindən daha yaxşı gəlirlər.
“Bu sorğu yalnız işçi və menecer arasındakı münasibətləri deyil, həm də iş yerində menecerin rolu məsələsini yenidən nəzərdən keçirir”, — “Future Workplace” firmasının tədqiqatlar üzrə direktoru Den Şavbel qeyd edib.
hightech.fm saytının məlumatına əsasən, 2019-cu ilin iyul-avqust ayları üzrə aparılmış tədqiqatda 10 ölkədən 8370 əməkdaş, rəhbər və menecer iştirak edib. Respondentlərin təxminən yarısı öz gündəlik işində süni intellekt texnologiyalarından istifadə etdiyini söyləyib.
Tədqiqatçıların sözlərinə görə, sorğu iştirakçılarının üçdə ikisi robot-həmkarlar haqqında müsbət rəy bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.